Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib.
Birinci Qarabağ müharibəsindən sonra Bayıl qəsəbəsində yerləşən Zəngilan rayon 4 nömrəli ümumi orta məktəbi dünyaca məşhur fotoqraf Reza Deqatinin vəsaiti hesabına tikilib.
Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə açıqlama verən Reza Deqati məktəbin bu gün də fəaliyyət göstərdiyini görməyin onun üçün qürur mənbəyi olduğunu bildirib.
"Birinci Qarabağ müharibəsindən sonra bir milyon insan öz evindən didərgin düşdü. O vaxt Bayılda Zəngilandan köçkün düşən insanların arasında kiçik bir otaqda uşaqlara dərs keçən Xanməmməd müəllimi gördüm. Onun bu fədakarlığı məni dərindən təsirləndirdi. Beləliklə, birlikdə Zəngilan rayon 3 nömrəli ibtidai məktəbini (indiki Zəngilan rayon 4 nömrəli ümumi orta məktəb) yaratdıq. Bu gün o məktəbin hələ də fəaliyyət göstərdiyini bilmək mənim üçün böyük qürur mənbəyidir. Məktəb mənim vəsaitim hesabına tikilsə də, əsl Azərbaycan müəllimi olan Xanməmməd müəllim və həyat yoldaşı öz şagirdləri üçün əllərindən gələni, hətta daha artığını etdilər", - deyə o qeyd edib.
Milli.Az