Bakı-Qazax yolunda ağır qəza: xəsarət alan var

20 Noyabr 2024 20:24

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az