"Rusiya Avropada ilk bu ölkələri vura bilər" - Ekspert

20 Noyabr 2024 09:59

NATO-nun Ukrayna üzərindən Rusiyaya nüharibəyə hazırlaşdığı iddia edilir. Ehtimal gərginlik fonunda Rusiya özünümüdafiə üçün ilk olaraq hansı Avropa ölkələrini vura bilər? Müharibə başlasa, NATO-nun Türkiyədəki hərbi bazasından istifadə etməsi mümkündür?

Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, NATO-Rusiya müharibəsi məsələsinə Prezident Vladimir Putin açıq cavab verib:

"O etiraf edir ki, Rusiya ilə NATO arasında güc balansı fərqi var. Yəni ağlı olan bir adam belə müharibəyə girməz. Putinin bu səmimi etirafı həm də Kremldə NATO ilə müharibə istəyən qüvvələrin az olmasına işarə edir. Bununla belə, bir neçə NATO üzvü Ukraynaya uzaqmənzilli silahlar verib. Hətta artıq bu silahlardan istifadəyə dair icazə də verilib. Bu isə Rusiya ilə açıq eskalasiyaya girmək deməkdir.

O ki qaldı ehtimal gərginlik anında Rusiyanın vuracağı ölkələrə, bu, logistika və strateji obyektlərin çoxluq təşkil etdiyi şəhər ola bilər. Konkret ad çəkmək mümkün deyil, çünki Rusiyadan fərqli olaraq NATO ittifaqdır və bura birdən çox ölkə daxildir. Belə olan təqdirdə hansı ölkənin vurulacağı sualı aktuallaşır. Bu kimi məsələlər məxfi olduğundan yalnız Kreml daxilindən cavab gələ bilər. Ehtimal ölkələri nəzərə alsaq, Polşa, Rumıniyanın adını çəkmək olar. Ən azından buradakı obyektləri müəyyən etmək olur.

Türkiyəyə gəldikdə isə Ankara İsmət İnönü dövründəki siyasi xətti izləyə bilər. Yəni nə Rusiya, nə Qərbin yanında olacaq. Türkiyə NATO üzvü olsa da, bu dəvətə müsbət cavab verəcəyini düşünmürəm".

Milli.Az