COP29-da maliyyə ilə bağlı məsələlərin öz həllini tapacağına ümid edirik

19 Noyabr 2024 14:05

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Syerra-Leonenin Ətraf Mühit və İqlim Dəyişiklikləri üzrə naziri Civo Emmanuel Abdulaidir.

O, Trend-ə açıqlamasında qeyd edib ki, vaxt itirdikcə iqlim dəyişikliyinə qarşı xərclərimiz artır.

Nazir danışıqların vaxt aparan bir şey olduğunu, tərəfdaşların razılıq əldə edəcəyinə ümid etdiyini bildirib:

"Ümid edirik ki, tərəfdaşlarımız ortaq razılığa gələ biləcəklər. Biz xalqımızın maraqlarını təmsil etmək üçün buradayıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik.

İqlim dəyişikliyi səbəbindən üzləşdiyimiz problemləri həll etmək üçün nə lazım olduğunu bilirik. Masaya 1,3 milyarda ehtiyacla bağlı öhdəlik qoymuşuq. Biz Tərəfdaşlarımızdan cavab gözləyirik. İnkişaf etmiş ölkələr iqlim dəyişikliyinə qarşı bizə necə dəstək olacaqlarını müzakirə edirlər".

Nazir həmçinin qeyd edib ki, Syerra-Leonenin COP29-da iştirakının səbəbi iqlim maliyyəsi məsələsini birdəfəlik həll etmək istyəyidir.

"Ümid edirik ki, bu yolda daha ləngimələr olmayacaq. Çünki vaxt itirdikcə ölkələrimizə, iqtisadiyyatlarımıza, ekosistemlərimizə olan xərclər artır. Tropik Afrikada ölkələrində vəziyyət daha da pisləşir. Meşələr, ümumiyyətlə biomüxtəlifliyimiz iqlim dəyişikliyindən təsirlənir. Nə qədər gözləsək, bu bizə bir o qədər baha başa gələcək. Biomüxtəliflik baxımından, iqtisadiyyatlarımıza nə qədər zərər vuracağı baxımından həyat şərtlərimizə baha başa gələcək. Buna görə də ümid edirik ki, COP29-da xüsusən də maliyyə ilə bağlı məsələlər öz həllini tapacaq", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az