Türkiyədə yanlış ünvana basqın edən polis ev sahibinin qolunu qırdı - FOTO

17 Noyabr 2024 18:54

Kütahyada polis səhər saatlarında Mehmet Ali Güngörün evinə basqın edərək qolunu sındırıb. Lakin polisin yanlış ünvana gəldiyi üzə çıxıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, yaralanan Güngör deyib: "Polis rəisi gəlib qurum adından üzr istədi. Amma mən bunu qəbul etmirəm".

Məlumata görə, səhər saat 7 radələrində Kütahyanın Akkent Məhəlləsi TOKİ-də ailəsi ilə birlikdə yaşayan Mehmet Ali Güngörün evinə polis basqın edib. Güngörün həyat yoldaşı qapını açanda heç bir məlumat verməyən polis əvvəlcə həyat yoldaşını, sonra isə Mehmet Ali Güngörü döyüb. Çənəsindən vurulan yumruqla yerə yıxılan və qolunu sındıran Güngör, polis səhv ünvanda olduqlarını anladıqdan sonra sərbəst buraxılıb. 

Kütahya şəhər Xəstəxanasının ortopediya şöbəsinə yerləşdirilən Güngörün sol qolunun yuxarı hissəsində parçalanmış, aşağı hissəsində isə tam sınıq olduğu müəyyən edilib. Əməliyyata alınacaq Güngör əməliyyatdan sonra şikayət olaraq qanuni prosesə başlayacağını bildirib.

Hadisəni izah edən Güngör səhər tezdən qapının 3-4 dəfə möhkəm döyüldüyünü və həyat yoldaşının ondan əvvəl qapını açdığını deyib və hadisə günü baş verənləri belə izah edib:

"Qapını açan kimi arvadımı itələyib yerə yıxdılar. Mən onun arxasınca getmişdim. Arvadımı vuranda elə bildim ki, qonşular mübahisə edir, qapının nömrəsini qarışdırıb evimizə gəliblər. Ailəmə zərər vuracaqlarından qorxdum, 10 dəqiqəyə qədər onların polis olduğunu bilmədim, məni yerə yıxdılar. İlk gələndə polis olduqlarını desəydilər, adımı deyərdim, yanlış ünvana gəldiklərini anlayardılar. Heç nə demədən çənəmə yumruq vurdular.Sonra 4-5 nəfər qəfil hücum edib arxamdan itələdilər, yerə yıxdılar və qolumu arxadan əyərək sındırdılar".

Həyat yoldaşının özünə gəlib "polis" deyə qışqırmasından sonra evə gələn qrupların polis olduqlarını söylədiklərini qeyd edən Güngör bildirib: "O ana qədər onların polis olduqlarını anlamadım, mülki formada idilər. Həmin an aşağıdan 2-3 nəfər qaçaraq "Yanlış adam, ünvan yanlış" deyə qışqırdılar." Sonra məndən uzaqlaşdılar, amma bu an ağzımdan qan axdı, qolum qırıldı. Onlar gedəndə yoldaşım 'təcili yardım' deyə qışqırdı və polis hadisə yerinə təcili yardım çağırdıqlarını söylədi. Təcili yardım maşını ilə Kütahya Şəhər Xəstəxanasına aparıldım. Sol qolumun yuxarı hissəsində parçalanmış sınıq, aşağı hissəsində isə tam sınıq aşkarlanıb. Əməliyyat olunacağam".

Milli.Az