COP 29-a həsr olunmuş Aşıq musiqisindən ibarət konsert proqramı təqdim olundu - FOTO

16 Noyabr 2024 23:37

Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqisindən ibarət konsert proqramı təqdim olundu. COP 29-a həsr olunmuş konsertlər çərçivəsində təşkil edilən gecədə Azərbaycan Milli Konservatoriyasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevaşıq sənətinin inkişafı və müasir günümüzdə tədrisi ilə bağlı düşüncələrini bölüşdü. Bildirdi ki, aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki vacib əsaslarındandır. Bu gün aşıq sənəti də qədimliyi qorumaqla yeniliklərə açıq olmalıdır. Aşıq musiqisi müasir musiqi ənənələrini özündə cəm edərək, keçmişi qoruyaraq, müasir ifaçılıq məktəbi yaratmalıdır. Bu da zəngin aşıq məktəbimizin dünyada tanıdılmasına imkan yaradar. Əbəs deyildir ki, dahi Üzeyir bəy hələ ötən əsrin əvvəllərində öz yaradıcılığında aşıq musiqisinə müraciət etmişdi. Mədəniyyətin bütün sahələrinə olduğu kimi aşıq sənətimizə də dövlətimizin böyük diqqət və qayğısı var. Azərbaycan Aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Bu gün həm orta ixtisas musiqi məktəbləri həm də ali musiqi təhsilində aşıq sənətinə gənclərin marağının şahidiyik. 

Çıxışdan sonra Mübariz Əliyev və tələbələrinin ifasında konsert təqdim olundu. Proqramda görkəmli bəstəkar Süleyman Ələsgərovun "Aşıqvari" əsəri, "Hicran kərəmisi", "Koroğlu" kompozisiyası, "Badamı şikəstəsi", "Baş müxəmməs" kimi sevilən aşıq musiqisi nümunələri səsləndirildi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az