Abortun sağlamlığa ağır zərərləri: Sonsuzluq...- Bilmədikləriniz

15 Noyabr 2024 09:40

Azərbaycanda 15-19 yaş qruplarında abort etdirənlərin sayı son dövrlərdə nəzərə çarpan dərəcədə artıb. Statistika Komitəsinin məlumatlarına görə, 2022-ci ildə bu yaş qrupunda 2080 abort qeydə alınıb, 2023-cü ildə isə bu rəqəm 2596-ya yüksəlib. Ümumilikdə abortların sayında baş verən kəskin artım cəmiyyət üçün ciddi narahatlıq doğurur. Lakin, xüsusilə yetkinlik yaşına çatmayan gənclər arasında bu halların artması daha böyük bir problemə işarədir. 

Erkən yaşda abortun orqanizmə təsirləri nələrdir?

Mövzu ilə bağlı Milli.Az-a ginekoloq Aytən Əlifzadə açıqlama verib.

O bildirib ki, abortun sağlamlığa bir neçə əks təsiri var ki, bunlardan ilki abort nəticəsində olan qanaxmalardır. Bu həm medikamentoz abort, həm də cərrahi abort nəticəsində baş verə bilər. 

"Abort zamanı ciddi problemlərdən biri də uşaqlığın zədələnməsidir. Yəni uşaqlığın deşilməsi nəticəsində qadının uşaqlığın xaric etmək məcburiyyətində qala bilərik. Nəticədə qadın növbəti dəfə ana olmaq şansını itirir. Uşaqlıq zədələnmələrinə həmçinin küretajdan sonra uşaqlığın daxili qatının zədələnməsi nəticəsində bitişmələrin yaranması da daxildir ki, bu da sonrakı hamiləlikləri mümkünsüz edir. Vaginal axıntısı, cinsiyyət yollarının infeksiyası olan xəstələrdə cərrahi abort icra etdikdə infeksiya qalxan yolla uşaqlığa və borulara ötürülə bilər.  Bu da endometritə və boruların iltihabı (salpingitə) səbəb olaraq boruların mənfəzi tutulur. Bütün bunlar isə birbaşa sonsuzluqa səbəb olur".

Aysel Əkbər
Milli.Az