"Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib"

13 Noyabr 2024 15:53

COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdə planlaşdırmağın nə qədər ağır yük olduğunu bilirik və Azərbaycan bunun öhdəsindən gəlib.

Milli.Az xəbər verir ki, bu barədə COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində keçirilən "Əməkdaşlığın gücü: xalis sıfır üçün birləşdirici qüvvələr" adlı plenar sessiyada çıxışı zamanı "Boston Konsaltinq Qrup"un qlobal sədri və CEO iqlim liderləri alyansının həmsədri Riç Lesser deyib.

O qeyd edib ki, hər kəs bütün bu tədbirin təşkili keyfiyyətindən çox təsirləndi.

"Düşünürəm ki, bütün qlobal iqlim icması bunun üçün dərin minnətdarlıq hiss edir",- deyə o bildirib.

İqlim maliyyəsindən bəhs edən R.Lesser qeyd edib ki, maliyyə gündəmini milyardlarlardan,trilyonlara qədər genişləndirməliyik.

"Hökumətlərin təkbaşına öz ölkələrinə və ya bir-birlərinə bu səviyyədə maliyyə təmin edə bilməsi mümkün deyil. Mənə görə COP29-un başlanması, nəhayət, 6.4-cü maddənin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş iqlim maliyyəsinə təsir edə bilər", -deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az