COP29 ədalətli enerji keçidi üçün daha bir fürsətdir - IRENA-nın Baş direktoru

13 Noyabr 2024 09:02

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Növbəti həmsöhbətimiz Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera oldu.

La Kamera Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən COP29 Paris Sazişinin məqsədlərinə uyğun olaraq dünyanı ədalətli enerji keçidi yoluna qaytarmaq üçün daha bir fürsətdir.

"Bura iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsi daxildir", - deyə o bildirib.

La Kamera hesab edir ki, əsas gözlənti, təbii olaraq, maliyyə hədəfi ilə bağlı razılığa gəlmək ola bilər - bu, keçidi tam dəstəkləyəcək miqdarın təmin edilməsi üçün deyil, inkişaf etməkdə olan dünyaya ciddi addımlar atmağa siyasi iradənin mövcudluğu barədə siqnal vermək üçün vacibdir.

"COP - siyasi impulsun yarandığı bir tədbirdir. COP-un özünəməxsus təbiəti var. Bu, ölkələrin bir araya gələrək təcrübə mübadiləsi apardığı, nələri tövsiyə edə və ya vəd edə biləcəkləri barədə düşündüyü və tədbirdən sonra ay ərzində nə edəcəklərini müəyyənləşdirdikləri bir tədbirdir", - deyə La Kamera bildirib.

IRENA-ya gəldikdə isə, o bildirib ki, təşkilatın "Transition for Advanced Platform" və "Accelerated Partnership for Renewables in Africa" adlı təşəbbüsləri mövcuddur.

"Bu il artıq dördüncü dəfədir ki, Bakıdayam. Biz "Üçlük", yəni COP29, COP28 və COP30 sədrlikləri ilə birlikdə izləmə hesabatlarımızı hazırlayır və təqdim edirik. Həmçinin "World Energy Transitions Outlook" hesabatını təqdim etdik. Bu, bizim əsas hesabatımızdır və burada keçid, texnologiyalar, siyasət və sosial-iqtisadi faydalar barədə məlumat veririk", - deyə o bildirib.

IRENA-nın Baş direktoru qeyd edib ki, izləmə hesabatı çox vaxtında təqdim olunub və Azərbaycanla əməkdaşlığının nəticəsidir.

Hesabatda deyilir ki, COP29-da iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşması iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üçün maliyyə dəstəyinin gücləndirilməsi və ölkələr üzrə iddialı milli töhfələr üçün ruhlandırıcı rol oynamaq baxımından həyati əhəmiyyət kəsb edəcək.

"2025-ci il üçün müəyyənləşdirilmiş milli töhfələr (NDC 3.0) mövcud bərpa olunan enerji hədəflərini iki dəfədən çox aşmalıdır.

Maliyyə, xüsusən formalaşmaqda olan bazar iqtisadiyyatları və inkişaf etməkdə olan iqtisadiyyatlar (EMDE) üçün ölkə risklərinin və valyuta məzənnəsi risklərinin azaldılması, həmçinin güzəştli maliyyə və qrantların daha geniş əlçatanlığının təmin edilməsi ilə daha əlverişli şərtlərlə mövcud olmalıdır.

Hökumətlər enerji sektorunun pul axınlarını gücləndirmək və dövlət xərcləri və beynəlxalq qrantlar şəklində dövlət maliyyəsini cəlb etmək üzərində işləməlidir. Layihələrin müsbət təsir potensialı maliyyələşdirmə üçün qiymətləndirmələrə daxil edilməlidir", - deyə IRENA-nın hesabatında qeyd olunur.

Daha sonra La Kamera vurğulayıb ki, IRENA Azərbaycan rəhbərliyi ilə birlikdə Mərkəzi Asiya üçün mümkün bir təşəbbüs üzərində də işləyəcək.

"Biz Bakı Enerji Həftəsi çərçivəsində Bakıda investisiya forumunun təşkil ediləcəyini elan edəcəyimiz tədbir üzərində işləyəcəyik. Beləliklə, əməkdaşlığımız çox səmərəli görünür", - deyə o əlavə edib.

Milli.Az