"Azərbaycanda COP29 yüksək səviyyədə təşkil olunub"

12 Noyabr 2024 20:30

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Növbəti həmsöhbətimiz Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev oldu.

Nazir Trend-ə bildirib ki, Azərbaycanda COP29 yüksək səviyyədə təşkil olunub, səmərəli fəaliyyət üçün bütün lazımi infrastruktur yaradılıb.

"Bakıda keçirilən COP29-da iqlim prioritetləri ilə bağlı bir çox məsələlər nəzərdən keçirilir. Əsas məsələ aydın şəkildə müəyyən edilib - maliyyələşdirmənin məqsədləri və həcmləri. Bu məsələ ətrafında çoxlu mübahisələr var. Maliyyələşmə yoxdur - irəliyə doğru hərəkət yoxdur. Lakin COP29 öz məqsədlərinə nail olmaq üçün yaxşı bir başlanğıc etdi və maliyyələşdirmə qaydaları nəhayət müəyyən ediləcək. Çünki burada müxtəlif təkliflər var, lakin ümumilikdə ümumi konsolidasiya edilmiş qərarın qəbul edilməsi lazımdır ki, xüsusilə inkişaf etməkdə olan ölkələrə büdcə vəsaitlərindən əlavə maliyyə vəsaiti də olsun. Bu gün mühüm iqlim məsələlərini həyata keçirmək üçün xarici maliyyə yardımına ehtiyac var", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az