Texnologiyanın tətbiqi proqramını həyata keçirmək lazımdır - Muxtar Babayev

11 Noyabr 2024 12:56

Texnologiyanın tətbiqi proqramını həyata keçirmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində deyib.

"Biz texnologiyanın inkişafı və yayılması üçün səyləri sürətləndirməliyik. Bunlar hər kəs üçün əlçatan olan həyati alətlərdir. Ona görə də biz burada, Bakıda texnologiyanın tətbiqi proqramını həyata keçirməliyik. COP29 fəaliyyət gündəliyinin bir hissəsi olaraq bizim hökumətlər, özəl sektor, inkişaf bankları - hər kəsin töhfə verməsi üçün imkanlarımız var", - o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az