Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur - Marina Ovsınova

11 Noyabr 2024 12:46

Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin "Əl-Əzhar" Beynəlxalq İctimai Hərəkatının prezidenti Marina Ovsınova jurnalistlərə bildirib.

"Bu gün biz burada, COP29 konfransında Misir Fondu nümayəndə heyətinin tərkibində iştirak edirik və böyük əhəmiyyətə malik olan bu tədbirdə iştirak etməkdən məmnunuq. Ümid edirik ki, bu konfrans dünya ictimaiyyətinin iqlim dəyişikliyi ilə bağlı əsas məsələlərə diqqətini cəlb edəcək", - o qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi kritik əhəmiyyətə malik bir problemdir.

"Biz artıq görürük ki, ABŞ-də qasırğalar daha da güclənir və dünyanın hər yerində iqlim fəlakətləri sürətlə artmaqdadır. Aydın olan odur ki, biz iqlim təşəbbüslərinə yetərincə investisiya qoymuruq. Bu yalnız ABŞ-yə deyil, bütün dünya icmasına aiddir. Biz nə qədər vaxtımızın qaldığının fərqinə varmırıq. İnsanlıq bu təhdidin nə qədər böyük olduğunu başa düşəndə, biz daha çox resursları iqlim problemlərinin həllinə yönəltməyə başlayacağıq. Biz bütün elmi potensialı birləşdirməli, ən yaxşı mütəxəssisləri cəlb etməliyik və müxtəlif yanaşmaları nəzərdən keçirməliyik", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az