COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq - COP28 prezidenti

11 Noyabr 2024 12:57

COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq.

Trend xəbər verir ki, bunu COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber COP29-un rəsmi açılış mərasimində deyib.

"COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq. Bizim əməllərimiz sözlərimizdən güclü olmalıdır və əməlimizlə özümüzü göstərməliyik. Azərbaycanın dediyi və şüar etdiyi kimi "yaşıl dünya naminə" həmrəy olaq. Birlikdə əməkdaşlıq və tərəfdaşlıq edək. Bizim iqlim dəyişmələri kimi bir mövzuda çalışmağımız üçün iradəmiz olmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, bu gün COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.

Xatırladaq ki, noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az