Türkiyə XİN 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

8 Noyabr 2024 12:53

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.

"Can Azərbaycanın qədim torpağı olan Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümünü ürəkdən təbrik edir, bu yolda şəhid olan qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizi minnətlə xatırlayırıq", - deyə bildirilib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Milli.Az