Trampın qələbəsindən milyard qazandılar - SİYAHI

7 Noyabr 2024 16:19

Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsindən sonra dünyanın ən varlı 10 şəxsinin sərvəti ümumi olaraq rekord həcmdə - 63,5 milyard dollar artıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb. 

Məlumata görə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı şəxsi, amerikalı milyarder İlon Mask olub. Belə ki, Trampın qələbəsindən sonra onun sərvəti 10,1 faiz (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. 

"Amazon" şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir gün ərzində 7,14 milyard dollar, "Oracle" şirkətinin rəhbəri Larri Ellisonun sərvəti isə 9,88 milyard dollar artıb. 

Bununla yanaşı, Trampın qalib gəlməsindən faydalananlar arasında "Microsoft"un təsisçisi Bill Geyts, həmin şirkətin keçmiş baş direktoru Stiv Balmer, "Google" təsisçiləri Larri Peyc və Sergey Brin, "Berkshire Hathaway" rəhbəri Uorren Baffet və kriptobirja rəhbərləri Brayan Armstronq və Çanpen Cao da var. 

Milli.Az