Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.
10:33
Hazırki məlumatlara görə ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp 247 səs toplayıb Demokratların namizədi Kamala Harris isə 210 səs toplayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd edək ki, Trampın seçkilərdə qalib gəlməsi üçün 270 səs lazımdır.
--------
08:52
ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa davam edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.
----------
07:59
Bu dəqiqələrə olan məlumata görə, ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazıradək Donald Tramp 210, Kamala Harris 113 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
07:00
Apaçi dairəsinin Ali Məhkəməsinin qərarı ilə Arizona ştatının şərq hissəsindəki doqquz seçki dairəsində seçki məntəqələri əlavə iki saat açıq qalacaq. Səbəb seçki günü avadanlıq nasazlığı və çap olunmuş bülletenlərin çatışmazlığı kimi problemlərdir.
Bildirilir ki, məntəqələrin iş saatlarının uzadılması barədə qərar Navaxo xalqının müraciəti əsasında verilib.
Eyni zamanda, bomba hədələri səbəbindən Navaxo dairəsindəki məktəblərdə yerləşən seçki məntəqələrindən bəziləri müvəqqəti olaraq bağlanıb, biri isə təxliyə edilib.
Hakimiyyət orqanları Navaxo dairəsində ən azı üç seçki məntəqəsi olmaqla dörd yerdə bomba hədəsi ilə bağlı elektron mesajlar aldıqlarını bildiriblər. Onlar təhdidlərin həqiqi olmadığını müəyyən ediblər.
-------
06:50
ABŞ-də keçirilən prezident seçkisində bu saata qədər respublikaçıların namizədi Donald Tramp 101, demokratların namizədi Kamala Harris isə 71 seçici səsi alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" ilkin hesablamalara və "exit-poll"ların ilkin nəticələrinə əsasən xəbər verib.
Tramp Alabama, Florida, İndiana, Arkanzas, Kentukki, Missisipi, Tennessi, Oklahoma, Cənubi Karolina, Qərbi Virciniya və ehtimal ki, Texasda qalib gəlib.
Harris Vermont, Rod-Aylend, İllinoys, Massaçusets, Konnektikut, Nyu-Cersi, Delaver, Merilend ştatlarında qalib gəlib. Həmçinin, onun Miçiqan, Şimali Karolina və Virciniya ştatlarından da yüksək səs alacağı gözlənilir.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
2024.11.05
--------
ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
-------------
20:35
Xəbər verdiyimiz kimi, ABŞ-də 60-cı prezident seçkiləri keçirilir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.
Ölkənin 47-ci prezidenti olmaq uğrunda Demokratlar partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır.
ABŞ-nin müxtəlif ştatlarından çəkilən fotoları təqdim edirik:
Milli.Az