Müəllimlərə xüsusi kartlar veriləcək

4 Noyabr 2024 18:23

Bu gün çoxdan gözlənilən "TələbəPlus" kartları ilk istifadəçilərinə - Bakı Dövləti Universitetinin bir qrup tələbəsinə təqdim edilib. Növbəti ildən isə təhsil işçilərinə üçün də müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq. 

Milli.Az bildirir ki, bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

- "TələbəPlus" kartları kimlərə təqdim edilir?

- 1 ildən artıqdır ki, üzərində çalışıdığımız, TİF, "Kapital Bank" və "Visa"nın birgə layihəsi olan vahid tələbə kartlarının BDU tələbələrinə paylanılmasına başlanılıb. Ölkəyə ümumilikdə 250 min kart gətiriləcək. Üç təhsil - bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan bütün tələbələrimizin sayı cəmi 250 mindir. İlk növbədə, I kurslarda 20 min tələbəyə kart paylanılıb. Daha 150 min kart paylanılmağa hazırdır. Kartların verilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri nəzərdə tutulub. Daha sonra digər ali təhsil müəssisələrinin tələbələrinə də paylanılacaq. Ümumilikdə 250 min təhsilalana tələbə kartı təqdim olunacaq. İlin sonuna yaxın peşə təhsili və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar da tələbə kartları ilə təmin ediləcəklər. Tələbə kartları tələbə adı daşıyan hər kəsə veriləcək.

- Kartların verilməsi bütün kurslarda təhsil alan hər kəsə ilin sonunadək çatdırılacaqmı?

- Bəli, ilin sonunadək tələbə adı daşıyan hər kəs vahid tələbə kartını əldə edəcək.

- Açıqlamalarınızda demişdiniz ki, tərəfdaşların da qazanacağı layihələrə başlayacaqsınız. Bu layihə onlardan biridirmi?

- Azərbaycanda tələbə sayı çox böyükdür. 250 min tələbə dəyərdir, böyük alıcılıq qüvvəsidir. Bu potensialdan layihəyə qoşulan dövlət və özəl qurumları tələbələrin xeyrinə müəyyən endirimlər, güzəştlər tətbiq etməklə yararlanacaqlar. 

- Hansı imtiyazlar nəzərdə tutulur?

- "TələbəPlus" kartları universitetlərə giriş-çıxışdan, bank ödəniş vasitələrindən tutmuş 200-dən çox şirkətin restoran, kafe, geyim, aksesuar mağazaları, tədris və təlim kurslarının mühüm endirimlərində istifadə ediləcək. Eyni zamanda, 2 həftə öncə Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında imzalanan müqaviləyə əsasən, muzeylər, qalareyalar, sərgi salonlarına girişlərdə güzəşt və endirimlər gözləyirik. Bu siyahı davamlı olaraq yenilənəcək. Əlavə olunan xidmətlər barədə "TələbəPlus" kartının səhifəsində mütəmadi məlumat veriləcək. 

- Tələbələri ən çox maraqlandıran məsələ ictimai nəqliyyatda əldə edəcəkləri güzəştlərdir. Bu barədə yenilik nə vaxta gözlənilir?

- "TələbəPlus" sıfırdan yaradılan vahid tələbə kartıdır. Güzəşt və endirimlər üçün hər bir qurumla ayrıca danışıqlar aparılmalıdır. Fond olaraq bu danışıqları tərəfdaşlarımızla - "Visa" və "Kapital Bank"la birlikdə aparırıq. Hazırda ölkəmizdə yüksəksəviyyəli tədbirlər keçirilir. Bu tədbirlərdən sonra danışıqların dairəsini genişləndirəcək, xüsusən dövlət qurumlarının tənzimlədiyi sahələrlə danışıqlarımızı davam etdirəcəyik.

- Tələbənin kəsri onun "TələbəPlus" kartının güzəşt və imtiyazlardan istifadəsinə məhdudiyyət qoya bilərmi?

- Bu universitetlə tələbə arasında olan məsələdir. Bizim üçün əsas göstərici onun tələbə statusunun olmasıdır. Universitet onu tələbə statusundan məhrum etməyibsə, təbii ki, tələbə həmin imkanlardan istifadə edə biləcək.

- Əməkdaşlara aid bir təhsil kartının olacağı nəzərədə tutulur?

- Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq.

- "TələbəPlus"kartı ilə eyni güzəşt və imtiyazlardan söhbət gedir?

- Təhsil kartı daha əhatəli olacaq.

Milli.Az