Azərbaycanda yeni doğulan körpə ÖLDÜ - anası səbəbi bilmək istəyir - Yenilənib

4 Noyabr 2024 23:21

23:21

Zaqatalada yeni doğulan körpə ölüb. Hadisə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Yengiyan kənd sakini, 24 yaşlı Sahibə Məmmədova 4 gün əvvəl doğuş sancıları ilə şöbəyə daxil olub. Gənc ana və onun yaxınları bildirirlər ki, bu vaxta qədər qadın bütün yoxlanışlardan keçib və hər şey normal olub. Lakin yeni doğulan körpə ölüb.

Gənc ana övladının ölüm səbəbini bilmək istəyir. Onun sözlərinə görə doğuşdan sonra ona körpənin nəfəs aldığını amma zəif olduğunu bildiriblər, ürək masajı tətbiq edəndən 5-10 dəq sonra isə uşağı götürüb gediblər.

TƏBİB-dən bildirilib ki, doğuş fəsadsız keçib, lakin ölü döl doğulub.

Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

-------------
16:14

Zaqatalada yeni doğulan körpə ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölüm faktı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini 24 yaşlı Sahibə Sahib qızı Məmmədova doğuş sancıları ilə oktaybrın 31-i səhər saat 9 radələrində Doğum şöbəsinə daxil olub.

S. Məmmədovanın APA-ya verdiyi məlumata əsasən, elə həmin gün səhər saat 10 radələrində şöbənin növbətçi mama-ginekoloqu olan Sədaqət həkim tərəfindən müayinə olunub. Həkimin göstərişi ilə ona doğuşu gücləndirmək üçün iynə vurulub.

Noyabrın 1-i gecə saat 03:50-də S. Məmmədova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra S. Məmmədovaya uşağın vəziyyətinin normal olduğunu deyiblər. Lakin uşağın ağlamadığını görən ana yenidən vəziyyəti barədə məlumat alanda ona körpənin ürək döyüntülərinin zəif olduğunu bildiriblər.

Daha sonra isə anaya uşağın ölməsi barədə məlumat verilib.

S. Məmmədova bildirib ki, oktyabrın 14-də Zaqatala RMX-da ultrasəs müayinəsindən keçib, ona hamiləliyin normal olduğu deyilib.

USM müayinəsi aparan həkim ona noyabrın 5-də doğuş üçün xəstəxanaya müraciət etməyi tövsiyə edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az