09:03
Noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub. Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.
Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.
"Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək", - Gülşad Məmmədova vurğulayıb.
--------------
2024.11.03
Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, noyabrın 3-ü saat 20:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəçevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.8 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti isə noyabrın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun