Neçə namizəd dövlət qulluğuna qəbul oldu? - YENİLƏNİB

3 Noyabr 2024 15:40

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 noyabr 2024-cü il tarixində dövlət qulluğunda inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB qruplarına uyğun vəzifələr üzrə imtahanlar keçirilib. İmtahanlar, həm dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, həm də inzibati vəzifələrə qəbul üçün nəzərdə tutulub.

DİM-dən Milli.Az-a bildirilib ki, imtahanlar kompüter vasitəsilə 3 saat davam edib və namizədlərə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. İmtahanı tamamladıqdan sonra və ya ayrılan vaxt başa çatdıqda namizədlər nəticələrlə tanış ola biliblər. Nəticələr sabah gün ərzində DİM-in saytında da yerləşdiriləcək.

İmtahanlarda ümumilikdə 324 namizəd iştirak edib. Nəticələrə əsasən, AB4 altqrupu üzrə 2, AC1 altqrupu üzrə 11, AC2 altqrupu üzrə 17, AC3 altqrupu üzrə 29 və AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd uğur qazanıb.

DİM, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasının 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında fəaliyyət göstərəcəyini elan edib.

Həmçinin AB, AC və BA vəzifə qrupları üzrə keçirilən digər imtahanda 51 namizəd iştirak edib. Nəticələrə görə, müxtəlif altqruplardan ümumilikdə 28 namizəd müvəffəqiyyət əldə edib.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız üzərində keçirilmiş imtahanın nəticələrinin isə 2 gün ərzində elan olunması planlaşdırılır.

--------

08:38

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən Milli.Az-a bildirilib ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil ediləcək. İmtahan vermək üçün 341 namizəd qeydiyyatdan keçib. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 7, BA qrupu üzrə 43, BB qrupu üzrə isə 122 olmaqla, ümumilikdə 174 namizəd qeydiyyatdan keçib.

Buraxılış vərəqəsində imtahanın yeri, binası, vaxtı və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun