"Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası" təsdiq edilib.
Milli.Az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi QAYDASI
Bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.7-ci maddəsinin ikinci cümləsinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya) və ona əlavələrlə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat"ının yoxlama və davamlı nəzarətə dair müddəalarına uyğun olaraq hazırlanmışdır və digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin yerinə yetirilməsi üzrə prosedurları müəyyən edir.
Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxan digər dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin (bundan sonra - hava gəmisi) istismarçısı istismarçı sertifikatına və istismar tələblərinə uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya, kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş və bu Qayda ilə müəyyən edilmiş digər tələblərə cavab verən hava gəmisi ilə yerinə yetirməlidir.
Azərbaycan Respublikasının ərazisinə enməsi və ərazisindən qalxması üçün Konvensiyanın 83 bis maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan hava gəmisinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıq sertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat 3 dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşa yararlılıq sertifikatı olmalıdır.
Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna və bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulmuş digər sənədlərə uyğun olaraq həyata keçirilir.
Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Uçuşdan əvvəlki tədbirlər
Digər dövlətdə qeydiyyatda olan istismarçı uçuşdan əvvəl istismar etdiyi hava gəmisində aşağıdakıları yoxlamalıdır:
hava gəmisinin heyəti və sərnişinlər üçün tələb olunan miqdarda oksigen təminatı;
mətni ilə birlikdə sərnişin təlimatlandırma kartları;
uçuş heyəti və sərnişin kabinəsində daşınabilən yanğınsöndürücü vasitələr;
xilasedici qayıq və xilasetmə jiletləri, yaxud fərdi üzmə vasitələri;
pirotexniki qəza-xəbərdarlıq qurğuları;
ilkin və təcili tibbi yardım çantaları;
möhkəmləndirilmiş konstruksiyaya malik uçuş heyəti kabinəsinin qapısı;
qəza çıxış işarələri və işıqlandırılma;
havada toqquşmaların qarşısının alınması üzrə xəbərdarlıq sistemi;
qəza mayakları;
hava gəmisinin uçuş məlumatının qeydiyyatı, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğular;
yer səthinə təhlükəli yaxınlaşma barədə xəbərdarlıq sistemi.
Hava gəmisinin bortunda olması zəruri hesab edilən sənədlər
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin bortunda aşağıdakılar olmalıdır:
hava gəmisinin qeydiyyat sertifikatı;
hava gəmisinin uçuşa yararlılıq sertifikatı;
istismarçı sertifikatı və istismar tələbləri;
hava gəmisinin uçuş təlimatı və ya onun gəmisinin uçuş-texniki xarakteristikalarını göstərən digər sənəd;
radioavadanlıq sertifikatı;
hava gəmisi jurnalı, yaxud texniki qeydiyyat kitabı və ya ümumi bəyannamə;
hava gəmisinin texniki xidmət buraxılışı;
yanacaqla və yağla doldurulmaya dair qeydlər;
səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;
bu Qaydada nəzərdə tutulmuş saziş;
minimal avadanlıqların siyahısı;
hava gəmisinin istismar təlimatı;
normal, qeyri-normal və qəza vəziyyətində fəaliyyət prosedurlarına dair yoxlama siyahıları;
aeronaviqasiya xəritələri;
qanunsuz müdaxilə aktlarının baş verdiyi hallarla bağlı hava gəmisinin axtarışı proseduru üzrə yoxlama siyahısı;
tələblərə uyğun tərtib edilmiş yük və balans sənədləri;
meteoroloji məlumatları və proqnozları əks etdirən sənədlər;
operativ uçuş planı;
NOTAM-lar (Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər).
Uçuş heyətinə dair tələblər
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin uçuş heyəti:
şəhadətnamə, vəsiqə və sertifikatlara, habelə uçuş heyətinin hər bir üzvünün tibbi yoxlamadan keçməsini təsdiq edən sənədlərə malik olmalıdır;
uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etməməlidir.
Milli.Az