Azərbaycanda alkoqollu içkilərin qiymətinin artacağına dair yeni dəyişikliklər müzakirəyə çıxarılıb. Milli Məclisin sonuncu iclasında alkoqollu içkilərin minimum satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanuna əlavə edilib. Bu dəyişiklik, bazarda keyfiyyətsiz məhsul satışı ilə mübarizə aparmaq və istehlakçıların maraqlarını qorumaq məqsədini güdür. Komitə sədri Azər Əmiraslanovun sözlərinə görə, hazırda bazarda bir neçə manata satılan araq məhsullarının aksiz vergisi ilə müqayisədə aşağı qiymətlərin olması ciddi suallar doğurur. Bu vəziyyətin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni qiymət siyasəti tətbiq olunacaq.
Bəs arağın qiyməti necə dəyişəcək?
Mövzu ilə bağlı Milli.AZ-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verərək bildirib ki, bazarda keyfiyyətsiz alkoqollu içkilər var, bu bir problemdir. Amma problemin həlli minimum qiymət limitinin müəyyən edilməsi ilə tamamlanmır.
"Əksinə, həmin keyfiyyətsiz məhsullar vətəndaşlara baha qiymətə təklif oluna bilər. İstehlakın xərci artacaq, lakin keyfiyyətdə dəyişiklik olmayacaq. Bunun yolu prosesə nəzarətin zəif olması ilə digər alternativ variantla həll etmək mümkün deyil. Keyfiyyətə nəzarət gücləndirilməlidir. Burada istehsalçılar, idxalçılar mühüm rol oynayır. Qeyri-qanuni istehsalın qarşısını almaq üçün davamlı monitorinqlər təşkil edilməlidir. Qaydalar sərtləşdirilməli, nəzarət gücləndirilməlidir. Ola bilsin ki, nəzarətçi qurumların bu istiqamətdəki kapasitesi artırılsın, bu yolla keyfiyyətsiz məhsulların bazara təklif edilməsinin qarşısı alınsın.
Aysel Əkbər
Milli.AZ