Bakı Dairəvi yolda təhlükə aradan qaldırıldı

30 Oktyabr 2024 19:40

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

-------

10:43

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

"Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur", - məlumatda deyilir.

Qeyd edək ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.

Milli.Az