Artan fişinq hücumlarının qurbanı olmamaq üçün nə edək? - AÇIQLAMA

29 Oktyabr 2024 20:33

Azərbaycanda bir neçə ildir ki, fişinq hücumlarının artdığını görürük.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov məlumat verib.

Onun sözlərinə görə, belə hücumlar adətən şirnikləndirici vədlərlə kommunalların ödənməsi, logistika xidmətləri, müxtəlif bank, dövlət qurumu adı ilə edilir.

"Bu barədə vətəndaşlara linklər gəlir. Linklərin göndərilməsində əsas məqsəd vətəndaşın fərdi məlumatlarıyla yanaşı bank kartının məlumatlarını əldə etməkdir. Bundan qorunmağın əsas yolu sizə göndərilən linklərə diqqət etməməkdir. Birinci məsələ tanımadığınız şəxslərdən gələn linkləri açmamaqdır. Əks halda sizin fərdi məlumatlarınıza, bank kartlarınıza və telefonunuza kənar müdaxilə halları baş verə bilər. Siz onlara diqqət etsəniz, formu doldursanız, artıq dələduzların qurbanına çevrilisiniz."

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.

Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun