COP29-la bağlı "Bakı Metropoliteni"ndə müvafiq hazırlıq görülür. Hazırlıq təkcə COP29 iştirakçıları üçün deyil, metropolitenin ənənəvi və daimi sərnişlərinin də maraqları nəzərə alınmaqla aparılır.
Milli.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, aidiyyəti qurumlarla birgə işlərimiz hazırda davam edir.
"Eyni zamanda, COP29 Əməliyyat Şirkəti ilə də müntəzəm əlaqələr var. Burada, əsasən, gələcək qonaqları də nəzərə almaqla, metronun iş rejimində müvafiq tənzimləmələrin, zəruri məsələlərin həllidir. Bu istiqamətdə hazırda iş aparılır. Əgər iş rejimi ilə bağlı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - deyə B.Məmmədov əlavə edib.
Bundan başqa metro rəsmisi əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı metrosunda silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yenilikləri edilməsinə başlanılıb.
"COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb. Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.
Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi "Koroğlu" stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən metrodan az istifadə edən, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır. COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar açıqlanacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, "Koroğlu" stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq. Bütün bunlarla yanaşı, COP29 tədbirinin iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək. Hazırda bu işlər son mərhələdədir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az