Neftin qiyməti 200 dolları keçə bilər - İsrail və İran münaqişəsinin təsirləri

29 Oktyabr 2024 12:56

"İsrail və İran münaqişəsi dünya iqtisadiyyatına bir sıra ciddi təsirlər göstərə bilər. İlk olaraq, münaqişənin intensifikasiyası enerji qiymətlərinin artmasına səbəb olacaq. Neftin qiymətinin 200 dolları keçməsi mümkün görünür, bu isə qlobal bazarda enerji istehsalçıları və istehlakçıları üçün ciddi fəsadlar yarada bilər".

Bu sözləri Milli.Az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, münaqişə təchizat zəncirinin pozulmasına yol açacaq. Xüsusilə neft və qaz yollarında problemlər, logistik xərclərin artmasına və məhsul çatdırılmasında gecikmələrə səbəb ola bilər. 

"Regional münaqişələr nəticəsində xarici investisiyaların azalması, infrastruktur layihələrinin dayandırılmasına və iqtisadi inkişafın yavaşlamasına gətirib çıxara bilər. Bu isə uzunmüddətli iqtisadi stagnasiyaya yol aça bilər. Enerji qiymətlərinin artması istehsal xərclərinin yüksəlməsi ilə nəticələnərək inflyasiyanı artıracaq. Bu, qlobal iqtisadiyyatda gərginlik yarada bilər. İqtisadi çətinliklər sosial gərginliyi də artaraq yüksələn qiymətlər və işsizlik kütləvi etirazlara və digər sosial narazılıqlara yol aça bilər.

İdarə olunmaz xaos vəziyyəti, miqrasiya dalğalarının artmasına da səbəb ola bilər. Bu, Avropa və digər bölgələrdə sosial və iqtisadi problemləri artırar. Nəhayət, münaqişənin müsbət və mənfi təsirləri qlobal maliyyə bazarlarında qeyri-sabitlik yaradaraq investisiya risklərini artıracaq".

Ekspert qeyd edib ki, bütün bu amillər, münaqişənin gedişatına və dünya siyasətinin dinamikasına görə dəyişə bilər, lakin gözlənilən təsirləri geniş miqyasda əhatə edir.

Xatırladaq ki, İran bir müddət əvvəl İsrailə hücum edib. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini "böyük səhv" adlandırıb və bunun İrana baha başa gələcəyini bildirmişdi.

Aysel Əkbər
Milli.Az