Uçqun olan yolda bərkitmə işləri başladı - YENİLƏNİB - FOTO

29 Oktyabr 2024 10:57

Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb. 

Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.

Milli.Az xəbər verir ki, hazırda hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları cəlb olunublar.  Ərazidə bərkitmə işləri həyata keçirilir.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev Milli.Az-a bildirib ki, qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi  avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb. 

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür. Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

İnqilab Məmmədov

Milli.Az