Saxta "stomatoloq"lar Bakıda "at oynadırlar" - İDDİA

28 Oktyabr 2024 19:45

"Bakı şəhərindəki bir çox klinikalarda heç bir tibbi təhsili olmayan şəxslər stomatoloq kimi fəaliyyət göstərirlər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə bir iddia sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, onlar paytaxt ərazisində və eləcə də Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbəsində fəaliyyət göstərirlər.

"Bu "stomatoloq"ların 90%-i saxta diplomludur və hazırda da gizli fəaliyyətlə məşğul olaraq pasiyentləri aldatmaqla məşğuldur. Onlar xəstələri aldadaraq öz maddi mənafelərini güdürlər", - deyə iddiada bildirilir.

Stomatoloq kimi məsuliyyətli bir peşədə çalışmaq üçün mütləq ali tibbi təhsil və lisenziya tələb olunur. Əks halda xəstələrin həyatı ciddi təhlükə altına düşə bilər. O zaman bu iddia nə dərəcədə doğru ola bilər?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunan qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.

"Həkim-mütəxəssislərin, o cümlədən həkim-stomatoloqların ixtisası üzrə tibbi praktiki fəaliyyətinə dair vəzifəyə təyini "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında" 1 sentyabr 2008-ci il tarixli 119 nömrəli Əmrlə tənzimlənilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunan qaydada yaradıla bilər.

Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.

Yerli dövlət orqanlarının müraciətlərində, KİV-də və vətəndaşların rəsmi şikayət ərizələrində qeyd olunan məsələnin ətraflı araşdırılması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, uyğun müəssisələrdə tərəfimizdən plandankənar (növbədənkənar) yoxlamalar keçirilir və aşkar olunan faktlar əsasında inzibati xəta haqqında tənbeh tədbiri seçilərək tərtib edilən yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilir.

Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətlərini Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt" (012-596-05-20) nömrəsinə , www.pharma.az saytının "Müraciət" bölməsinə və ya [email protected] elektron ünvanına bildirməlidirlər", - deyə məlumatda vurğulanır.

Milli.Az