Kirayə evlərin qiyməti niyə artır? - 90 faizi müqaviləsizdir... - AÇIQLAMA

28 Oktyabr 2024 10:15

"Kirayə evlərin qiymətinin artması, xüsusilə avqustun ikinci yarısından oktyabrın ortalarına qədər davam edən bir tendensiyadır. Bu, əsasən tələbələrin şəhərə axını ilə bağlıdır. İllərdir davam edən bu proses, qiymətlərin 20-30%-ə qədər yüksəlməsi ilə nəticələnir. Həmçinin tezliklə keçiriləcək COP-29 tədbirləri kirayə mənzil bazarında canlanma yaradıb. Bəzi insanlar bu vəziyyətdən yararlanaraq kirayə verməklə əlavə qazanc əldə etməyə çalışırlar".

Bu sözləri Milli.Az-a daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

O bildirib ki, bu cür praktika bir çox ölkələrdə də var. Yəni, həm turizm mövsümü zamanı, həm də tədbirlər vaxtı otellərlə yanaşı digər yaşayış yerlərinə də tələb artır. Kirayə verilən evlərin qiymətinin artması yalnız tələbə axını ilə bağlı deyil, həm də turizm agentliklərinin təklif etdiyi evlərin, xüsusilə tədbirlərin keçirildiyi yerlərdəki yeni tikililərin istifadəsilə əlaqədardır. Bu evlər, adətən, mühafizə sisteminə sahib olur və qonaqlar otellərdə yer tapmadıqda kirayəyə götürürlər.

"Kirayə müqavilələrinin olmaması isə ciddi problemlərə səbəb ola bilər. İnsanlar ev alarkən və kirayə verərkən hüquqi məsələlərə diqqət etməlidirlər. Texniki avadanlığın xarab olması, borcun ödənilməməsi və digər çətinliklər kirayə verən şəxsin qarşılaşdığı problemlərdəndir. Kirayə alan şəxs müqavilə bağlamazsa, qiymət artımı və vaxtından əvvəl evdən çıxarılma kimi məsələlərlə qarşılaşa bilər. Eyni zamanda, əcnəbi vətəndaşlara kirayə verilən mənzillərin 90%-i qeyri-legaldır. Rəsmi müqavilə bağlananların əksəriyyəti xarici vətəndaşlarla bağlıdır. Qonaqların müvafiq müqavilələri olsa da, yerli vətəndaşlar vergi ödənişlərini etməkdən qaçırlar. Vergi faizi 14% təşkil edir, lakin bu, kirayə verənlərin cəmi 5-10%-nin vergi ödəməsinə səbəb olur. Əgər vergi faizləri aşağı düşsə, daha çox insan kirayə verməyi seçə bilər". 

Xatırladaq ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən  80 mindən artıq ziyarətçinin səfər edəcəyi gözlənilir.

Aysel Əkbər
Milli.Az