Nüvə Silahı Riskləri: ABŞ və İsrail Niyə Narahatdır?

27 Oktyabr 2024 13:28

"İsrailin İrana növbəti hücumu bir daha bu ölkənin bölgədə regional gərginliyin zəiflədilməsi istiqamətində addımlar atılmasında maraqlı olmadığını göstərdi. Hərçənd İsrail yenə də hərəkətlərinin özünü müdafiə çərçivəsində olduğunu bildirir. ABŞ də İsrailin İrana hücumunun preventiv və məhdud xarakter daşıdığını təsdiq edib".

Bu sözləri Milli.Az-a politoloq Elşən Manafov deyib.

O bildirib ki, İsraildən daxil olan məlumatlar göstərir ki, İrana hücum barədə ABŞ əvvəlcədən xəbərdar edilib.

Bu, İsrailin hücum qərarını ABŞ-la razılaşdırdığını göstərir. 

"Deməli, Yaxın Şərqdə deeskalasiya ilə bağlı açıqlamalarında ABŞ səmimi deyil. Bunun digər bir göstəricisi isə, hazırda ABŞ-nin NATO-nun Avropada, xüsusilə Almaniyada olan bazalarından qırıcı F-35 təyyarələrinin İsrailə daşınmasıdır. Bu, tərəflərin regionda daha böyük miqyasda başlana biləcək hərbi əməliyyatlara hazırlığından xəbər verir.

İsrailin özünün 100-lərlə qırıcı təyyarələrlə təxminən 2000 km məsafədən İrana endirdiyi zərbələrdə İranın hərbi sənaye obyektlərinin hədəfə alındığı bildirilir. Əsasən raket və dronlar istehsal edən müəssisələrin vurulması barədə xəbərlər daxil olur. Halbuki, İsrail birbaşa İranın paytaxtı Tehrana zərbələr endirib. Bu, 1988-ci ildən, yəni İran-İraq müharibəsindən bəri ilk dəfədir ki, Tehran hücuma məruz qalır. İranın hava hücumundan müdafiə qüvvələri Tehrana tuşlanmış raketlərin əksəriyyətini zərərsizləşdirə biliblər". 

Politoloq qeyd edib ki, İsrailin İrana növbəti zərbəsinə gəlincə, bu, özünü müdafiə ehtiyaclarından irəli gələn hərəkətlər deyil, Yaxın və Orta Şərqdə geosiyasi balansı ABŞ-la razılaşdırılmış və onun dəstəyi ilə həyata keçirmək istədiyi siyasətdir.

"Bu, ilk növbədə suveren və müstəqil İrana münasibətdə bir təhdid və onun regional siyasətinə adekvat addımlardır. İran ABŞ-ın birqütblü dünya nizamı ilə bağlı baxışlarını bölüşmür. BRİKS-ə daxil olan digər dövlətlərlə birgə dünyanın daha ədalətli nizamının bərqərar olması uğrunda mübarizə aparır, İsrailin bölgədəki ekspansionist siyasətini cilovlamağa çalışır və Fələstin xalqının beynəlxalq birlik tərəfindən tanınmış hüquqlarının müdafiəsi istiqamətində iş görür.

İranın nüvə enerjisinə və deməli, nüvə silahına perspektivdə sahiblənə biləcəyi ilə bağlı məlumatlar ABŞ və İsraili düşündürür və narahat edir. Belə ki, İranın təxminən 60-65 kq-lıq uranın artıq zənginləşdirə bilməsi ilə bağlı təsdiq olunmayan məlumatlar var. Bu, rəsmi Tehranın qarşıdakı bir neçə ayda 5-6 nüvə bombasını hazırlaya bilməsi üçün kifayət edəcək zənginləşdirilmiş uran kütləsi deməkdir. Hadisələrin bu cür axarı isə, İranla təhdid dilində danışmaq istəyən tərəflərin xeyrinə deyil.

İrana təzyiqlərin arxasında, şübhəsiz ki, onun şiə ideologiyasını qonşu ərəb ölkələrinə ixracının qarşısını almaq və onu proksi qüvvələrə olan dəstəkdən imtina etmək cəhdləri də var. İsrail və ABŞ-a görə, bu qüvvələr İsraili və regionu təhdid edirlər. İran və bununla bağlı siyasətini bölüşdürən digər dövlətlər və tərəflər isə, əksinə, məhz proksi qüvvələrinin İsraili regionda daha böyük ölçüdə ekspansionist siyasət yeritməkdən çəkindirdiyini bildirirlər. Regionun perspektiv durumuna dair bu fərqli geosiyasi baxışlar isə münaqişəni daha da dərinləşdirir".

Xatırladaq ki, İran bir müddət əvvəl İsrailə hücum edib. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini "böyük səhv" adlandırıb və bunun İrana baha başa gələcəyini bildirmişdi.

Aysel Əkbər
Milli.Az