Ağdamda yanğın - iki ailə evsiz qaldı

26 Oktyabr 2024 21:32

Ağdamda qısa qapanmadan baş verməsi ehtimal olunan yanğın iki ailəni evsiz qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən, əvvəllər qonaq evi kimi istifadə olunan binada güclü yanğın başlayıb. Tikilidə yaşayan iki ailə təxliyə olunsa da alovun şiddətli olması tikilini yararsız hala salıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Alov lokallaşdırılıb. Yanğının ətraf mühitə ziyan vurmasının qarşısı alınıb.

Ev sahiblərinin sözlərinə görə, yanğının qəfil başlaması və güclü olması səbəbilə evdən heç bir əşya çıxara bilməyiblər.

Qeyd edək ki, sözügedən binada yaşayan hər iki ailə keçmiş məcburi köçkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun