Özəl bağçalarla bağlı yenilik valideynlərin üzünü güldürəcəkmi? - AÇIQLAMA

26 Oktyabr 2024 08:18

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Hətta seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı da başlayıb.

İstər əvvəlki illərdə, istərsə də günümüzdə özəl bağçalara tələbat böyük olub. Lakin özəl bağçaların qiymətləri kifayət qədər yüksək olduğu üçün valideynlərin bir qisminin arzusu reallaşmayıb. Amma yeni layihə belə arzuların həyata keçməsi üçün bir fürsət yaradıb. Maraqlıdır, haqqında danışdığımız bu yeni layihə rəqabətə və kefiyyətə necə təsir edəcək?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, belə bir addımın atılması, yəni dövlət bağçalarına qəbul ola bilməyən uşaqların seçilən özəl bağçalara yerləşdirilməsi təşəbbüsü həm məcburiyyətdən, həm də zərurətdən irəli gələn bir cəhddir:

"Elm və təhsil naziri Emin Əmrullayevin də vurğuladığı kimi, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, həmin bağçalarda müəyyən qədər vəsait dövlət tərəfindən ödənilir. Vəsaitin məbləğindən asılı olmayaraq, bu, valideynlərə böyük dəstəkdir.

Bağçaların hansı meyarlarla seçiləcəyi, müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistemin necə tənzimlənəcəyi, monitorinqin necə - obyektiv və ya subyektiv təşkil ediləcəyi başqa mövzunun söhbəti olub, bu zamana bağlı olan məsələdir. Özəl sektor inkişaf etdirilməlidir, lakin təyinatı dəyişərək, bağça defisiti yaratmaq, özəl adı ilə əl yandıran qiymətlər qoymaq hesabına yox".

Ekspert vurğulayıb ki, bağça çatışmazlığı bu gün ölkənin təhsil sahəsində ən böyük problemlərdən birinə çevrilib:

"Sovet dönəmində uşaq bağçaları kifayət qədər olmasa da, əhalinin tələbatını qismən ödəyən səviyyədə idi. Müstəqillik əldə edəndən sonra Təhsil Nazirliyinin rəhbərliyi, səhvən və ya bilərəkdən 300-dən artıq uşaq bağçasını özəlləşməyə çıxardı. Özəlləşdirmə adı ilə ayrı-ayrı fərdi şəxslər, təşkilatlar bu bağçaları satın aldılar.

Özəlləşdirmə buna xidmət edirdi ki, təyinat dəyişməməli idi, uşaq bağçası kimi fəaliyyəti davam etdirməli idi. Amma nə oldu? Bağçalar alınaraq söküldü və əvəzində göydələnlər, gözəllik salonları, şadlıq sarayları tikildi. Bu məsələlər təhsillə bağlı Dövlət Strategiyasında öz əksini tapıb. Orada açıq-aşkar göstərilirdi ki, məktəbəqədər təhsil təminati çox pis vəziyyətdədir. Ümumiyyətlə, əhalinin böyük qismi bu xidmətdən istifadə etmə imkanından məhrumdur".

"Azərbaycanda dövlət uşaq bağçalarının çatışmazlığı ciddi problemə çevrilib. Bəzi valideynlər maddi imkansızlıqdan uşaqlarını özəl bağçalara qoya bilmirlər. Bir qrup valideyn vəziyyətdən çıxış yolunu dayə tutmaqda görür. Sonra da biz sosial şəbəkələrdə həmin dayələrin uşaqlara göstərdiyi şiddət səhnələrinin şahidi oluruq. Baxmayaraq ki, hər il dövlət yeni məktəbəqədər müəssisələrin inşasını həyata keçirir, bununla belə, bu gün hər dörd uşaqdan yalnız biri bağçaya gedə bilir. Bu da işləyən valideynlər üçün ciddi problemlər yaradır. Məktəbəqədər hazırlıq qrupları uşaq bağçalarının nəzdində olmalı olduğu halda, uşaq bağçalarının azlığı həmin qrupların məktəblərin nəzdinə keçməsinə səbəb olub.

O ki qaldı bu yeni layihənin rəqabətə, keyfiyyətə necə təsir edəcəyinə, digər layihələr kimi, bunun da nəticələrini zaman göstərəcək. Nəticələrdən asılı olmayaraq, "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" heç də arxayınlaşmaq, dövlət məktəbəqədər təhsil müəssisələrinə diqqəti azaltmaq üçün əsas ola bilməz. İstənilən halda dövlət müəssisələri, o cümlədən, məktəbəqədər təhsil müəssisələri özəl sektordan daha üstün inkişaf etdirilməlidir", - Nadir İsrafilov əlavə edib.

Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində valideynlərə 1400-dən çox yer təqdim olunub:

"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində hazırda valideynlərin seçim imkanına 1400-dən çox yer təqdim olunub. Seçim isə www.bq.edu.az portalı üzərindən həyata keçirilir".

"Bu qrant proqramı ölkədə ilk dəfə həyata keçirildiyi üçün əvvəlcə onun nəticələrinin hərtərəfli təhlilinə ehtiyac var",- qurumdan əlavə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun