Sənubər İsgəndərli kimdir? - 27 yaşında xəyanətə görə yuvası dağılan qadın

25 Oktyabr 2024 21:35

Milli.Az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında bu gün 64 yaşını qeyd edən Əməkdar artist Sənubər İsgəndərli barədə məlumat verir.

- Sənubər İsgəndərli nə zaman və harada anadan olub?

Sənubər İsgəndərli 1960-cı il 25 oktyabrda Bakı şəhərində anadan olub. 

- Sənubər İsgəndərli harada ali təhsil alıb?

1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

- Sənubər İsgəndərlinin yaradıcılığı barədə nə bilirik?

Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub.
1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) rollarını oynayıb.

- Sənubər İsgəndərli hansı filmlərə çəkilib?

Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsadüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun" (Leylinin anası) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım rolunu ifa edib.

- Sənubər İsgəndərli hansı fəxri mükafatlara layiq görülüb?

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 9 may 2012-ci ildə Prezident Mükafatına, 8 mart 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatına layiq görülüb.

- Sənubər İsgəndərli ailəlidir?

27 yaşında həyat yoldaşından ayrılıb. Bir qızı var. Qızı ailəlidir və övladı var.

- Sənubər İsgəndərli ad günlərini nə üçün qeyd etmir?

Sənubər İsgəndərli illər ötdükcə ad günlərinə sevinmədiyini bildirib: "Evdəkilər mənə nə sürpriz hazırlayacaq bilmirəm. Amma özümə qalsa, doğum günümü qeyd etmək fikrində deyiləm. İllər ötdükcə yaşımızın üstünə yaş gəlir. Ad günlərimə sevinə bilmirəm. Çünki yaş öz sözünü deyir".

- Sənubər İsgəndərlinin ilk məhəbbəti kim olub?

O bu barədə bir müsahibəsində belə deyib:

"Uşaq bağçasında Alik adlı yaşıdım ilk məhəbbətim idi. Aradan uzun illər keçdikdən sonra mən onun adını və yaşadıqlarımızı xatırlayıramsa, deməli, unudulmayıb. Bəlkə də bu, sevgi deyildi, sadəcə ilk dəfə əks cinsə olan maraq idi. Sonralar əsl məhəbbəti hiss etdim. 17 yaşında. Orta məktəbi yenicə bitirmişdim. O oğlan tamam başqa sferadan idi. Nə qohumum, nə qonşum, nə məktəb yoldaşım, nə də tanışım idi. Qohumlardan birinin nikah mərasimində tanış olduq və onu sevdim. Sonradan biz evləndik və bir qızımız dünyaya gəldi. Yəni, söhbət keçmiş həyat yoldaşımdan gedir".

- Sənubər İsgəndərli neçə il evli olub?

10 il.

- Sənubər İsgəndərli nə üçün həyat yoldaşından ayrılıb?

"Bizim ayrılmağımızın öz səbəbləri oldu. Öncə xəyanət. Mənə xəyanət etdi və məni kiməsə dəyişdi. Bundan əlavə, zaman keçdikcə onda bəyənmədiyim keyfiyyətlər üzə çıxdı və bu cəhətlər zamanla üst-üstə yığılaraq, sonda aramızda uçurum yaratdı. Yavaş-yavaş anladım ki, 17 yaşlı bir qızın baxışları ilə 25-27 yaşlı yetkin gəlinin baxışları ayrıymış. İnsan yaşlaşdıqca onun üçün dəyərlər də dəyişirmiş. Mənim həyatım da belə oldu. Bundan belə nəticəyə gəlirəm ki, həyatda yüz faiz ideal heç nə yoxdur. Mənə xəyanət etdiyi qadını bir dəfə gördüm. Bir dəfə gözlənilməz bir situasiyada rastlaşdıq və mən üzümü çevirib, çıxdım. Mən əvvəllər də bilirdim ki, yoldaşım kiminlə mənə xəyanət edib. Yaxın ətrafdan olan biri idi. Qadına heç nə demədim. Mən özümü o səviyyəyə salacaq qədər ağılsız deyiləm. Dediyim kimi, cəmi bir dəfə rastlaşdıq, onda da əhəmiyyət vermədim.

Xəyanət gözəlliyə, yaxud çirkinliyə baxmır. Sizə bir məqamı çatdırım. 1980-ci illərin əvvəllərində gözəllik müsabiqəsi keçirilirdi. O zaman da cəmi iki telekanal vardı - Azərbaycan Dövlət Televiziyası və SSRİ televiziyaları. Həmin müsabiqədə türkiyəli gözəl Məltəm Hakarar qalib olmuşdu. Çox gözəl xanım idi və bütün kişilər onun üçün dəli olmuşdu. Onun plakatı bizim evdə də vardı. Bir dəfə yoldaşım onun şəklinə baxdı və "onun özü də kimisə bezdirib" deyə üzümə gülümsədi. Bu, yoldaşımın yanaşması idi, amma həm də əksər kişilərin. Bu fakt da göstərir ki, xəyanət etmək üçün qadının gözəl, yaxud çirkin olması əsas deyil" - deyə aktrisa bildirib.

-  Sənubər İsgəndərli ərinin xəyanətini öyrəndiyindən neçə müddət sonra boşanıb?

" Təxminən 3-4 il sonra. Bu 3-4 illik müddətdə mən bilirdim ki, yoldaşım mənə xəyanət edir, o da bilirdi ki, mən onun xəyanətini bilirəm. Amma üzümə vurmurdu və boynuna almırdı. Boşandıqdan sonra heç vaxt və heç bir formada görüşməmişik. Qısa bir müddətdə qızı ilə görüşdü, sonradan bu əlaqə də kəsildi" - deyə o bildirib

- 27 yaşında boşanmış gözəl və gənc Sənubər İsgəndərlinin həyatında kimsə olub?

O bu suala belə cavab verib: "Bu haqda heç vaxt danışmamışam və danışmaq da istəmirəm. Bircə onu deyim ki, mən hazırda çox xoşbəxt qadınam. Mənim heç nəyə ehtiyacım yoxdur. Söykənəcəyim dayağım və mənə həyan olacaq insan var. Uzun illərdir mənə dayaq olur. Məni artıq qazanan qazanıb. Keçmiş həyatın öz xoşbəxtlikləri vardı, indiki həyatın öz. Bir qadın olaraq yanaşsam, indiki insanla daha xoşbəxtəm".
 

- Sənubər İsgəndərlinin ürəyini qazanmaq asandır?

Yox.

"Ümumi danışsaq, mən tam əmin olmadan kiməsə ürəyimi verə bilmərəm. Nisbi götürsək, mənim kiməsə tam olmağım, inanmağım və bir arxa-dayaq olaraq qəbul etməyim üçün heç olmasa bir il lazımdır. Yəni, o kişi ən azı bir il vaxt və zəhmət sərf etməlidir.  
Mənim aləmimdə kişi az danışıb, öz hərəkətləri ilə istəyini sübut etməlidir. Bu gün təmtəraqlı sözlər, eşqnamələr dəbə minib. Qətiyyən qəbul edə bilmirəm bu cür cəfəngiyatları. Kişi qadına tərifnamələr yağdırmalı deyil, diqqəti və hərəkəti ilə özünü sübut etməlidir. Qadın inanmalıdır ki, bu kişi onun arxasında dayana və onu qoruya bilər. Amma heç kim boşuna zəhmət çəkməsin. Məni artıq qazanan qazanıb" deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun