BRICS Sammiti dünyada böyük əhəmiyyətə malikdir

25 Oktyabr 2024 20:45

BRICS Sammiti dünyada böyük əhəmiyyətə malikdir.

Milli.Az bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O qeyd edib ki, bu təşkilat dünya əhalisinin yarısını özündə birləşdirən ölkələrin təşkilatıdır.

"Bu fakt elə BRICS təşkilatının necə böyük çəkiyə malik olduğunu göstərir. Bundan başqa, təşkilata üzv olan ölkələr vacib iqtisadi halqanı formalaşdırırlar. Artıq görürük ki dünyaya sırınan Qərbyönümlü iqtisadi birliklər tendensiyası süquta uğramağa başlayıb.

Bu gün Avropa İttifaqının içərisində siyasi və iqtisadi baxımdan mövqelərin yekdil olmaması alternativ yeni axtarışlar imkanını formalaşdırır. Digər tərəfdən, BRICS-ə üzv olan ölkələr, xüsusilə Çin və Rusiyanın qlobal iqtisadi sistemdə böyük gücləri mövcuddur. Hər bir formada bu iki önəmli güc faktoru da başda olmaqla, dünya ölkələrinin bu gün BRICS-də cəmləşməsi nəticədə gələcəyin yeni iqtisadi konfiqurasiyalarına yön vermiş olur.

Həm də nəzərə almaq lazımdır ki, BRICS-in bəyanatı yeni dünya nizamının anonsu kimi dəyərləndirilə bilər. Amerikanın birqütblü iqtisadi hegomoniyaya çalışdığı dünyada artıq müqavimət qanadı kimi də nəzərdən keçirilə bilər".

Politoloq Fuad Məmmədov bildirib ki, BRICS Sammiti Azərbaycanın mövqeyi və iştirakı baxımından maraqlı aspektlərə malikdir.

"Azərbaycanın BRICS ölkələri ilə əlaqələri iqtisadi, siyasi və mədəni əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycan BRICS ölkələri ilə ticarət və investisiya sahəsində əməkdaşlığı artırmaq niyyətindədir. Bu ölkələr Azərbaycanın enerji resurslarına olan tələbatı ilə əlaqədar olaraq strateji tərəfdaşlar sayılır.

BRICS beynəlxalq siyasətdə müxtəlif regional məsələləri müzakirə etmək üçün bir platforma rolunu oynayır. Azərbaycanın regiondakı rolu BRICS ölkələrinin əməkdaşlığına müsbət təsir göstərə bilər. BRICS münaqişələrin həlli və sülh proseslərini dəstəkləmək məqsədilə siyasi dialoqu təşviq edir.

Azərbaycan bu platformadan istifadə edərək, regiondakı münaqişələrin müzakirəsində aktiv rol oynaya bilər. Ümumiyyətlə, BRICS Sammiti Azərbaycanın beynəlxalq münasibətlərini gücləndirmək və inkişaf perspektivlərini artırmaq üçün bir imkan təqdim edir", - o qeyd edib.

Milli.Az