“Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” - FOTO

25 Oktyabr 2024 10:40

Trendyol və BMT-nin Əhali Fondu birgə təşəbbüs həyata keçirib.

Qızların səlahiyyətləndirilməsi təhsil, iqtisadi və digər imkanlar daxil olmaqla hər bir sahədə bərabərliyə töhfə verir və dayanıqlı inkişafı dəstəkləyir. Bu gün dünyanın hər yerində qızların təhsil və iş imkanlarına, iqtisadi resurslara çıxışı daha məhduddur, onların hüquqları daha az təmin olunur. 

Amma hekayənin müsbət tərəfi də var. Qızların bacarıqlarının artırılması, liderlik potensialının üzə çıxarılması və dayanıqlı inkişaf naminə onların səlahiyyətləndirilməsi üçün imkanlar mövcuddur. 

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi tanınıb.

''Bilik səlahiyyətləndirmənin açarıdır: Öyrənməyə və yeni üfüqlər kəşf etməyə davam edin!'' şüarı ilə bu il Trendyol və BMT-nin Əhali Fondu Azərbaycanda Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya həyata keçirib. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini qızlar üçün bərabər imkanların yaradılması və qızların səlahiyyətləndirilməsi məsələlərinə çəkməkdir. Kampaniya qızların səlahiyyətləndirilməsi üçün zəruri olan alətlər və dəstəyi qeyd etməklə onların gücünü, dözümlülüyünü və potensialını vurğulayır.   

Kampaniya çərçivəsində "Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi" mövzusunda tədbir keçirilib. Paytaxt Bakı və regionlardan 100-dək yeniyetmə qızı bir araya toplayan tədbirin təşkilində məqsəd qızların təhsil, texnologiya və gender bərabərliyi vasitəsilə səlahiyyətləndirilməsini və onların cəmiyyətin dayanıqlı inkişafına töhfələrini müzakirə etmək olub.

Çıxış edənlər qızların icmaların və bütövlükdə cəmiyyətin dayanıqlı inkişafındakı vacib roluna diqqət çəkərək onların təhsil və bərabər imkanlardan yararlanmasının əhəmiyyətini vurğulayıblar.

Panel müzakirəsində cəmiyyətdə tanınmış qadın liderlər şəxsi təcrübələrini bölüşərək, qızların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər hüquq və imkanların əlçatanlılığının vacibliyinə diqqət çəkiblər.
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol qadınların həyatına toxunan, onların səlahiyyətləndirilməsini, təlim, iş, karyera sahəsində ilk addımlarını və inkişafını dəstəkləyən layihələr həyata keçirir.  

"Trendyol"un BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, "Trendyol"un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

"Gələcək qadınlarındır" və ''Güclü qadınlar proqramı'' vasitəsilə Trendyol qadınların sahibkarlıq fəaliyyətlərini dəstəkləyir, qadınlar üçün daha yaxşı imkanların yaradılmasını təmin edir. 

Bununla yanaşı, müxtəlif tərəfdaşlarla birlikdə Azərbaycanda sahibkar qadınların yaşıl biznes və eko-liderlik bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. 

''Trendyol''un qadın əməkdaşları və rəhbərlərin sayı Türkiyə ortalamasından yüksəkdir. Trendyol platformasında qadın sahibkarlar satıcıların 28 %-ni təşkil edir. Trendyol satıcıları arasında qadın əməkdaşlar isə 44 %-dir".

Trendyol və BMT-nin Əhali Fondu qarşıdakı dövrdə qızların səlahiyyətləndirilməsi, onların rəqəmsal bacarıqlarının artırılması və onlar üçün bərabər imkanların yaradılması istiqamətində birgə çalışacaq.   
Beynəlxalq Qız Uşaqları Günü ilə əlaqədar BMT-nin Baş Katibinin müraciətində qeyd edilir ki, düzgün dəstək, resurslar və imkanlarla hazırda dünyada yaşayan 1,1 milyarddan çox qızın potensialı sonsuzdur.

Milli.Az