Ekosid : milli qanunvericilikdə yeni beynəlxalq cinayət

25 Oktyabr 2024 09:57

Azərbaycan Respublikasının Milli Məclisi Cinayət Məcəlləsində dəyişiklik edərək, təcavüz, soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətləri ilə yanaşı  Məcəlləyə yeni beynəlxalq cinayət - ekosidi əlavə etmişdir.  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 beynəlmiləl tədbirinin Bakıda keçirilməsi ərəfəsində belə bir hüquqi addımın atılması rəmzi məna daşıyır və Azərbaycanın ətraf mühiti bütövlükdə bəşəriyyətə məxsus dəyər kimi qorumasının əyani sübutudur.  Təəssüf ki, ölkəmiz uzun illərdən bəri məhz bu cinayətin qurbanı olmuşdur.

30 ilə yaxın bir müddətdə işğalçı Ermənistan Azərbaycanın ekoloji sisteminə irimiqyaslı və bir çox hallarda bərpa olunmayan ziyan vurmuş, ətraf mühiti qəsdən məhv etmiş, transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirmiş, Azərbaycan ərazilərindən keçən çayların hissəsindəki mikroflora və mikrofaunı tamamilə məhv etmişdir. Ermənistan iştirakçısı olduğu 1991-ci il 25 fevral tarixli "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Konvensiyanı, 17 mart 1992-ci il tarixli "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT Konvensiyasının və 10 dekabr 1976-cı il tarixli "Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa düşmən istifadəsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozmuşdur. Ermənsitan şirkətləri və xarici şirkətlər Azərbaycan ərazisində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmuşlar,  bizim təbii sərvətləri ölkə xaricinə daşımışlar, ətraf mühitə böyük zərər vurmuşlar. 

Ümumiyytələ "ekosid" terminini beynəlxalq leksikona ABŞ-ın Yel Universitetində Botanika kafedrasının müdiri vəzifəsində çalışan professor Artur Qalston daxil etmişdir. 1970-ci ildə ABŞ-da keçirilən "Müharibə cinayətləri və Amerikan vicdanı" mövzusundakı  konfransda Galston, Hindocin yarımadasında, Vyetnam ərazisində xüsusi maddə - "Agent Orange"nın yayılması və ətraf mühitin məhv edilməsini qınayaraq, beynəlxalq ictimaiyyətdən Birləşmiş Millətlər Təşkilatı vasitəsilə İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin soyqırımına və insanlıq əlehinə cinayətlərə qarşı olduğu kimi, ekosidə qarşı birləşməsinə çağırış etdi. Məlum olduğu kimi, 1967-1972-ci illərdə ABŞ-ın Silahlı Qüvvələri tərəfindən kimyəvi maddələr-defoliantların istifadəsi nəticəsində 2 milyon hektar tropik meşələr və 40 faiz kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələri məhv edilmişdir, 2 milyon insan qətlə yetirilmış və ya xəsarət almışdır. Məhz bu hadisələrin təsiri altında beynəlxalq ictimayyət ekosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsi ilə bağlı çağırış etmişdir və ekosid cinayəti kimi "istər sülh, istərsə də müharibə dövründə insan ekosisteminin qismən və ya bütövlükdə məhv edilməsi" tövsif edilmişdir.

Lakin əldə edilən hüquqi nəticə ondan ibarət olmuşdur ki, 10 dekabr 1976-cı ildə BMT-nin Baş Assambleyası "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında" Konvensiya qəbul etdi. Faktiki olaraq burada bir çox əlamətlərə görə ekosidə işarələr olsada da, bu termin ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Konvensiyanın müddəaları 8 iyun 1977-ci il tarixdə qəbul edilmiş Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolda inkişaf etdirilmişdir. Bu Protokol beynəlxalq xarakter daşıyan silahlı münaqişələr zamanı tətbiq edilərək, ətraf mühitin qorunmasına aid iki müddəanı nəzərdə tutur. Birincisi, 35-ci maddənin 3-cu hissəsinə görə  "Təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurulması məqsədini nəzərdə  tutan müharibə üsulları və ya vasitələrindən istifadə etmək qadağan edilir". İkincisi müddəa Protokolun 55-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, "Döyüş əməliyyatları aparılarkən təbii mühitin genişmiqyaslı, uzunmüddətli və ciddi zərərlərdən müdafiəsinə diqqət yetirilir.

Bu cür müdafiə, təbii mühitə ziyan vurulması və bununla da əhalinin sağlamlığına və ya sağ qalmasına təhlükə yaradan müharibə üsulları və ya vasitələrinin istifadəsinin qadağan edilməsini əhatə edir". Məsələyə hüquqi baxımından nəzər saldıqda müəyyən olunur ki, de jure ekosid müharibə cinayəti kimi Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 8(2)(b)(iv) maddəsində əksini tapıb və bu əməlin tərkibi konkret gözlənilən hərbi üstünlüklə mütanasib olmayan və ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olan hücumları ehtiva edir.

Milli qanunvericilikdə ekosid cinayəti məhz bu termin adı altında kriminalaşdırılıb. Məsələn, bu cinayət Rusiya Federasiyası, Vyetnam Respublikası, Belarus, Gürcüstan, Ukrayna və Tacikistanın Cinayət Məcəllələrində nəzərdə tutulub. Avropa İttifaqı üzv-dövlətləri arasında ilk dəfə olaraq Belçika 22 fevral 2024-cü ildə ekosidi öz Cinayət məcəlləsinə daxil etmişdir. 

Ətraf mühitin cinayət hüququ vasitəsilə qorunmasının əhəmiyyətini nəzərə alaraq, BMT-nin Beynəlxalq hüquq komissiyası "Silahlı münaqişələrlə bağlı ətraf mühitin qorunması haqqında" mövzusunu öz uzunmüddətli işlar planına daxil etmişdir və 5 avqust 2022-ci ildə 27 Prinsipi əhatə edən layihəni qəbul etmişdir. Bunların sırasında 3-cü prinsip nəzərdə tutur ki, dövlətlər öz beynəlxalq-hüquqi öhdəliklərinin icrası ilə əlaqədar və silahlı münaqişələrlə bağlı ətraf mühitin qorunmasının gücləndirilməsı məqsədi ilə səmərəli qanunvericilik tədbirlərini həyata keçirirlər. 

Azərbaycan Respublikasının Cinayət Məcəllləsində yeni 104-1-ci maddə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda məsuliyyət müəyyən edir və bu əməllərə görə on beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.  

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü