Hakan Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə edib

25 Oktyabr 2024 09:39

ABŞ-nin dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Milli.Az qafqazinfo.az-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar H. Fidana başsağlığı verib.

Məlumata görə, söhbət əsnasında tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.

"Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər", - deyə xarici siyasət idarəsindən bildirilib.

Milli.Az