Türkiyədəki terrorun SENSASİON DETALLARI

25 Oktyabr 2024 09:28

Terror aksiyası niyə PKK lideri Öcalanla danışıqlar ərəfəsində və Ərdoğanın anti-Qərb cəbhəsi olan BRİCS-də iştirakı zamanı baş verdi?; türk ordusu İraq və Suriyada terror yuvalarını bombaladı - dünyadan və Bakıdan reaksiyalar.

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ Şirkətinə terror hücumundan sonra Suriya və İraqın şimalındakı PKK hədəflərinin məhv edilməsinə başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, əməliyyatlar zamanı MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektlərini, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələri hədəfə alıb. Eyni gündə Ankarada FETÖ/PDY terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 12 şəxs saxlanılıb.

TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı isə 5-ə çatıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, yaralıların sayı isə 22-yə yüksəlib. Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında baş verə biləcək terror aktlarına qarşı tədbir görülüb. Mülki Aviasiya Baş İdarəsinin təlimatı ilə Türkiyənin bütün hava limanlarında narıncı xəbərdarlıq rejiminə keçilib.

Hadisə zamanı Tatarıstanın paytaxtı Kazanda  BRİCS sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb ki, TUSAŞ-a qarşı terror aktı "Tam Müstəqil Türkiyə" idealımızın simvolu olan ölkənin müdafiə təşəbbüslərini hədəf alan alçaq hücumdur: "Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək", - Ərdoğan bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş isə deyib ki, terror hücumunun Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil. Spiker bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək. Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib ki, TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib. "Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik", - Y.Gülər vurğulayıb.

Ankarada baş verən terror aktına dünyanın müxtəlif dövlətləri tərəfindən təbii ki, reaksiyalar gəlib. Əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib: "TUSAŞ-a qarşı törədilən terror aktı nəticəsində ölən və yaralananların olması xəbəri bizi çox sarsıtdı. Bu xain terror aktını qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara ən xoş arzularımı çatdırıram". Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat yayaraq qardaş ölkədə törədilmiş terror aktını qətiyyətlə pisləyib. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib. Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb. "ABŞ müttəfiqi Türkiyənin yanındadır və terror aktını qətiyyətlə pisləyir. Mənim dualarım qurbanlar və onların ailələri ilədir". ABŞ Dövlət katibi Entoni Blinken belə yazıb. Yunanıstan lideri Kiriakos Miçotakis da terror hücumunu qınayıb. Almaniya kansleri Olaf Şolts deyib ki, terroru qınayırlar və Türkiyənin yanındadırlar. NATO-nun baş katibi də eyni mesajı verib. 

İndi hər kəsi düşündürən suallar var: terroru kim sifariş edib və Türkiyəyə hansı mesaj verilib, bu hadisə niyə məhz Ərdoğan BRİCS-in sammitində iştirak etdiyi bir vaxtda baş verdi? Üstəlik, FETÖ lideri Fətullah Gülənin ölməsi, Türkiyədə PKK lideri Abdulla Öcalanla danışıqlar haqda informasiyalar yayıldığı bir vaxtda terrorun baş verməsi təsadüf hesab olunmur. Türkiyənin məhz ciddi uğurlar qazandığı silah sənayesi müəssəsinin hədəf seçilməsi haqda da ən müxtəlif versiyalar var

Digər versiya Öcalanla görüş və PKK-nın silahı yerə qoyacağı müzakirələridir. Çünki müdafiə naziri terrorun PKK-çılar tərəfindən edildiyini açıqlayıb. Belə ki, Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının partiya qrupundakı açıqlaması gündəmə bomba kimi düşüb. PKK lideri Abdullah Öcalana səslənən Baxçalı "Əgər baş terrorçunun təcrid olunması aradan qaldırılsa, gəlsin DEM Partiyasının qrup toplantısında çıxış etsin və terrorun bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin", - deyib. TBMM-də açıqlamanın əks-sədaları davam edərkən, 43 aydan sonra İmralıda terrorçuların lideri Öcalana səfər edilib. DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Şanlıurfa millət vəkili Ömər Öcalan oktyabrın 23-də əmisi Öcalanla görüşdüyünü açıqlayıb. Ömər Öcalan bu barədə sosial media hesabından açıqlama verib: "Abdullah Öcalanla son üz-üzə görüş 3 mart 2020-ci ildə olmuşdu. Biz ailə olaraq 23 oktyabr 2024-cü ildə onunla görüşə bildik".

"Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi sözügedən görüşdə baş verənləri yazıb. Görüşün təfərrüatnı qeyd edən Selvi, Öcalanın "tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram, təşkilatı silahı yerə qoymağa çağıracağam" dediyini bildirib. MHP lideri Baxçalının gündəmə gətirdiyi "Ümid haqqı" tənzimləməsinin də Öcalan üçün ümidverici olduğunu ifadə edən Selvi, "Öcalanın bir müddət əvvəl "Mən buradan tabutla ayrılmaq istəmirəm", - dediyini söyləyib. Belə bir ərəfədə PKK-nın Qəndildəki liderlərinin prosesi pozmaq üçün terror aktı törətmək barədə təlimat verməsi mümkündür. Yəni PKK liderləri bununla mesaj verdi ki, əsas rəhbər şəxs olan Öcalan "təşkilatı silahı yerə qoymağa çağıracağam" bəyanatı verə bilər, amma bu, nəticəni dəyişməyəcək. O baxımdan Ankaradakı terrorun vəziyyəti gərginləşdirdiyini demək mümkündür.

Analitik Elxan Şahinoğlu da bu fikirləri bölüşərək hesab edir ki, terror aksiyası məsələnin bu qədər sadə həll olunmayacağını göstərir: "PKK-nın içində fərqli qüvvələr heç də tərk-silah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın "silahı yerə qoyun" əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: "Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır". Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərk-silaha əməl edəcəyi anlamına gəlməyəcək". Ekspertin fikrincə, Qərbdə Türkiyənin BRİCS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyindən narahatlıq keçirən qüvvələr var.

Siyasi şərhçi Asif Nərimanlıya görə də terror aktının iki məsələ ilə bağlantısı görünür: "Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİCS-ə - "Qlobal Cənub"a yaxınlaşmasıdır. Ərdoğanın BRİCS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər".

Milli.Az