"Deyirlər, niyə tək gəzirsən, balaca?" - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ - FOTOlar

25 Oktyabr 2024 06:58

Milli.Az lent.az-a istinadən peşəkar mədəniyyət və incəsənət xadimləri ilə yanaşı gənc, hələ tanınmamış aktyor və aktrisalarımızla müsahibələri təqdim edir. Bu dəfə də ənənəmizə uyğun olaraq yeni bir sima ilə tanış edəcəyik sizi. Qonağımız aktrisa Ülviyyə Qarayevadır. 

- Ülviyyə, istərdim özünüz barədə məlumat verəsiniz.

- Qarayeva Ülviyyə. Qazax rayonunda doğulmuşam. 25 yaşım var. Rəqslə məşğul olmağı sevirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr aktyorluğu fakültəsini bitirmişəm, magistraturaya hazırlaşıram. Təhsilimi bitirdikdən sonra ya Musiqili Teatrda, ya da Gənc Tamaşaçılar Teatrında işləmək istərdim.

- Musiqili Teatrda işləmək istəyənlərdən səs də tələb olunur. Oxuya bilirsiniz yəqin.

- Bəli səsim var oxuyuram. Elmira Rəhimovadan ilhamlanmışam.

- Ailənizdə sizdən başqa bəstə boylu kimsə var?

- Ailədə 3 uşağıq. Qardaşlarım və mən. Bir qardaşımın boyu 140 sm-dir.
Bu qan qohumluğunun yaratdığı fəsaddır. Ailələrimiz bir neçə nəsil qohum evliliyi üstə qurulub, anamla atam bibi oğlu, dayı qızı olub. Onlar ucaboyludur, qardaşımla mən belə.

- Boyunuz nə qədərdir?

- 120 sm.

 - Heç bu boya görə əziyyət çəkmisiniz?

- İctimai nəqliyyatla gedəndə sürücü məni götürmək istəməyib, deyib bu uşaq tək gedir valideyni hanı?  Dəfələrlə məni uşaq bilib yaxınlaşıblar, deyiblər niyə tək gəzirsən, balaca? Hər kəs gənc görünməyə çalışır, təbiət mənə bunu hədiyyə edib (gülür).

- Boyunuz uzansın deyə, uşaq ikən hansısa müalicələr almısınız?

- Həkimlərə çox gedib-gəlmişəm. Boy artırmaq  üçün edilən müalicələr fayda vermədi. Hətta üzgüçülüyə də getdim. Dedilər əməliyyatla boyu uzatmaq olar. Mən bunu istəmirəm. Ayağımda problem yaranmışdı, əməliyyat olundum və gördüm ki bu heç də asan bir iş deyil. İynə dərmandan xoşum gəlmir.

- Hind rəqsləri edirsiniz. Bu sahədə Oksana Rəsulova ilə rəqabətə hazırsınız?

- Məncə insanın ən böyük rəqibi onun özü olmalı, özü-özü ilə yarışmalıdır. 

- Sizə bu günə qədər sənət yolunuzda məşhur simalardan dəstək və ya əngəl olanlar olub?

- Olub. Məşhurlardan da olub. Amma mən əngəl olanları unutmuşam. Problemləri arxada qoyub, ötüb keçməyi sevirəm. Sənətimlə bağlı böyük hədəflərim var, inanıram ki, onları həyata keçirəcəm. Dünya miqyasında tanınmaq istərdim. Mən İncəsənət Universitetinə hazırlaşanda hamı deyirdi ki, səni qəbul eləməzlər. Boyun balacadır, fakturan yol vermir. Amma məncə fərqlilik də gözəldir. Aktyorlar müxtəlif tipajlar yaradırlar və bu obrazlar arasında görünüşü ilə fərqlənən insanlar da var. Necə ki, mən. Xarici ölkələrdə bizim kimi aktyorlar daha çox uğur qazanırlar, onlar müxtəlif qüsurları uğur kimi istifadə edirlər. Xaricdən təklif almamışam, öncə Azərbaycanda tanınmalıyam, özümü üzə çıxarmalıyam ki, istedadımı görsünlər, məni bilsinlər

- Sevgi elanı almısınız?

- Çox olub. Amma mən tələsəmirəm. Hələlik sevgi münasibətim yoxdur. Karyeramla sənətimi paralel inkişaf etdirmək istəyirəm. 

- Xəyalınızdakı qəhrəmanın boyu necədir?

- Uca boy da ola bilər. Bəzən deyirlər, boyu balacadır amma hündürboylu oğlan arzu edir. Arzulamaq günah deyil, arzu əngəl tanımır. Bizim də istəmək haqqımız var. İstərdim, onun boyu 150 olsun. Çünki övladlarımın sağlam, uca boylu olmasını istərdim. Boy insanlarla münasibətdə maneə yaratmayıb. Əsas xarakterdir, əzmdir, iradədir, bacarıqdır.

- Ev işləri görürsünüz? 

- Bəli bacarıram.

- Uşaqlar bir az amansız olurlar. Orta məktəbdə boyunuzla bağlı sizi cırnadanda dava edirdiniz?

- Yox susurdum. Dava eləmirdim, bəzən qardaşlarım mənim əvəzimə cavab verirdilər. Valideynlər də, məktəbdə müəllimlər də görkəm etibarilə fərqli insanlara yanaşmanı tərbiyə etməlidirlər. Bizi bəzən inklüziv məktəbə ayırmaq istəyirlər. Amma niyə? Biz özümüzü idarə edirik. İfadə edirik, ağlımız, bacarığımız varsa niyə ayrı məktəblərdə oxumalıyıq? Biz cəmiyyətə, cəmiyyət də bizə inteqrasiya eləməlidir. Bizi nə üçün fərqli görməlidirlər? Bizə yadplanetli kimi baxırlar. Biz cəmiyyətdə daxil olmalıyıq ki, ayrıseçkiliyə son qoyulsun.

- Bir az da yaradıcılığınız barədə danışaq.

- İlk çəkildiyim film festival filmi olub, "Hər vücudun danışacaq hekayəsi var" adlı bu film Heydər Əliyev Fondu tərəfindən çəkilmişdi. Rasim Ocaqov haqqında çəkilmiş filmdə də çəkilmişəm. Bir çox dövlət tədbirlərinə dəvət almışam, musiqili teatrda aktrisa kimi tamaşalarda oynamışam. Hazırda "Qaraca qız" serialında bacı rolunda çəkilirəm.

Son olaraq onu demək istərdim ki, mənim kimi insanları, əlil arabasına möhtac olan lakin intellektual gəncləri işə götürməkdən çəkinməsinlər. Bizim hamımızın şansa ehtiyacı və haqqı var. Biz də bərabərhüquqlu vətəndaşlarıq. İnsanı irəli aparan onun boyu yox, iradəsi, daxili aləmi, özünə inamıdır. Əsas odur həyatı sevəsən və ümidlərin tükənməsin.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun