İşğaldan azad olunmuş ərazilərdə külək potensialının ölçülməsi işlərinə başlanılıb

24 Oktyabr 2024 16:55

Artıq Laçın və Kəlbəcər ərazilərində də külək potensialının ölçülməsi işlərinə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Bakı Gəmiqayırma Zavodunda "Xızı-Abşeron" külək elektrik stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, iğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər günəş və külək enerjisi potensialımız var:

"Zəngilan, Cəbrayıl ərazisində günəş potensialımız, Kəlbəcər, Laçın ərazisində külək potensialı mövcuddur. Bildiyimiz kimi, BP şirkəti ilə "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi üzərində çox intensiv şəkildə fəaliyyətimizi davam etdiririk. Ümid edirəm ki, çox yaxın zamanda siz əməli şəkildə o layihə ilə bağlı müəyyən nəticələrin şahidi olacaqsınız. Ərazidə artıq işlər başlanılıb. Xüsusi infrastrukturun qurulması istiqamətində də işlər gedir".

"Eyni zamanda qeyd etmək istəyirəm ki, artıq Laçın və Kəlbəcər ərazilərində də külək potensialının ölçülməsi işlərinə start verilib. Xüsusi ölçü stansiyaları artıq inşa olunub. Küləyin spesifikası ondan ibarətdir ki, bir il müddətinə orada ölçü prosesi həyata keçirilməlidir ki, sonradan həmin o küləyin sürətinə əsasən müəyyən kommersiya təklifləri vermək mümkün olsun", - deyə C. Abdullayev qeyd edib.

Milli.Az