Payız əfsanəsi və ya "Ayaks"ın Bakı qastrolu

24 Oktyabr 2024 16:32

"Qarabağ" bu gün futbol tarixinin ən əfsanəvi komandalarından biri ilə qarşılaşacaq. Kubokları, akademiyası və bir nömrəli oyunun inkişafında inqilab etməsi ilə məşhur olan "Ayaks" Bakıya gəlib. Amsterdamlıların böyük qələbələri keçmişdə qalsa da, onların zəngin ənənələri şübhə doğurmur. Buna görə də UEFA Avropa Liqası 3-cü turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu xüsusilə maraq doğurur.

Milli.Az İdman.biz-a istinadən xəbər verir ki, ağdamlılar çoxsaylı avrokubok mövsümləri zamanı, sözsüz ki, bir çox tanınmış rəqiblərlə - "İnter", "Roma", "Marsel", "Tottenhem"lə qarşılaşıblar. Amma dünya futbolunun qızıl fondunu təşkil edən klublar var. Bəli, bəlkə də indi onların işləri yaxşı getmir, amma onlarla qarşılaşmanın xüsusi statusu mövcuddur. "Ayaks" da məhz belə komandadır, axı yaşlı azarkeşlər Amsterdam komandasının 1970-ci illərdə Çempionlar kubokunda ardıcıl üç qələbəsini, daha sonra isə 1995-ci ildə Vyana finalında əvəzetmədən meydana daxil olan 18 yaşlı Patrik Klüyvertin qolu ilə "Milan"ı məğlub edərək (1:0) Avropa arenasında qazanılan növbəti uğuru yaxşı xatırlayırlar. Növbəti il də Amsterdam klubu yenidən finala yüksəlib, amma orada penaltilər seriyasında "Yuventus"a uduzub.

Bəli, Niderlandın aparıcı klubu hazırda nəticə baxımından çətin günlər yaşayır, lakin onun çıxışı həmişə dünyanın hər yerindən azarkeşləri özünə cəlb edib. Bu ənənə, şübhəsiz, davam edir. Hazırkı heyətdə də, Vaut Veqhorst və Cordan Henderson da daxil olmaqla, parlaq adlar var. Amma heyətdə kimin oynamasından asılı olmayaraq, "Ayaks"ın DNT-sinə hopmuş hücum futbolu oynamağa çalışacağı şübhə doğurmur.

Ona görə də Qurban Qurbanovun belə bir klubun Bakıya gəlişinin Azərbaycan futbolu üçün müsbət məqam olduğunu vurğulamasını başa düşmək olar. Görüşün nəticəsindən asılı olmayaraq. Təbii ki, belə rəqibə qarşı ən yaxşı futbolunu göstərmək, hətta xal qazanmaq istəyirsən. Üstəlik, bu, "Tottenhem" və "Malmö"yə məğlubiyyətlərdən sonra qələbə sütununda hələ də sıfır yazılan Azərbaycan çempionu üçün son dərəcə vacibdir. Amsterdamlılar Avropa Liqasına "Beşiktaş" üzərində böyük hesablı qələbə (4:0) və sonra "Slaviya"dan da xal alaraq (1:1) başlayıblar.

"Qarabağ" üçün imkanları qola çevirmək hələ də aktualdır və çox güman ki, "Ayaks" kimi komanda ilə oyunda meydan sahiblərinin şansları olacaq. Onlardan istifadə etmək və müdafiədə dəqiq oynamağa çalışmaq vacib olacaq, çünki komandanın avrokuboklardakı son çıxışları həyəcan doğurur. Və "Ayaks" bu mənada ciddi imtahançı olacaq.

Milli.Az