COP29 iqlim maliyyəsi üçün yeni imkanlar təqdim edəcək - BMT-nin Baş katibi

24 Oktyabr 2024 16:24

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yeni maliyyə imkanları təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Kazanda keçirilən "XVI BRİCS" sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"İqlim məsələsinə gəldikdə, hər bir ölkə temperatur artımının 1,5 dərəcəyə qədər azaldılmasına sadiqliyini təsdiqlədi. Bunun üçün emissiyaların azaldılması üzrə ciddi tədbirlər tələb olunur və bu işə G20 qrupu rəhbərlik etməlidir.

Yaxın həftələrdə keçiriləcək Tərəflər Konfransında yeni hesabat başlayacaq, burada 25 faizlik hədəf göstəriciləri ilə yeni töhfə planları təqdim olunacaq. Bu konfrans maliyyələşdirmə planı üçün yeni imkanlar yaradacaq. İnkişaf etmiş ölkələr iqlim məqsədlərinin maliyyələşdirilməsini ikiqat artıraraq və Zərərlər və İtkilər Fondu üçün vəsait ayıraraq, öz öhdəliklərini yerinə yetirməlidirlər", - Baş katib bildirib.

Onun sözlərinə görə, müasir maliyyələşdirmə sistemi bir çox həssas ölkələrə zəruri sosial yardımı təmin etmir. Buna görə də gələcəyi təmin etmək üçün köhnəlmiş, qeyri-effektiv və ədalətsiz olan beynəlxalq maliyyə arxitekturasının islahatını sürətləndirmək lazımdır.

"Bu, dayanıqlı inkişaf məqsədlərinin stimullaşdırılmasına davam etmək, biznes modelini dəyişdirmək və inkişaf edən, həssas ölkələr üçün çoxşaxəli inkişaf banklarının dəstək imkanlarını, eləcə də, onların güzəştli maliyyələşdirməsini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyini əhatə edir", - o izah edib.

Milli.Az