İmişlinin komissarı buna görə həbs edilib - Rəsmi AÇIQLAMA - YENİLƏNİB

24 Oktyabr 2024 16:11

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

- - - -
15:30

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Xəyyam Babayevin həbsi barəsində məhkəməyə təqdimat daxil olub.

Qeyd edək ki, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

Daha əvvəl də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev və Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Əsgərov da həbs olunmuşdu. 

İnqilab Məmmədov
Milli.Az