Françesko Farioli: "Çətin oyun olacaq" - MÜSAHİBƏ

23 Oktyabr 2024 19:34

"Qarabağ" güclü komandadır".

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Ayaks"ın baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Qarabağ"la keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, bəzi komanda yoldaşları zədədən əziyyət çəkdiyi üçün Bakıya gələ bilməyiblər: "Qarabağ" haqqında onu deyə bilərəm ki, güclü komandadır. Mən onların oyun prosesi ilə maraqlanmışam. Bildiyiniz kimi, Türkiyədə işləmişəm və ona görə də bu coğrafiyaya yaxınam".

- Sabahkı matçla bağlı ehtimallarınız varmı?

- Bizim işimiz ehtimal vermək deyil, oyuna hazırlaşmaqdır. Ümumilikdə götürdükdə isə hər oyunda güclü və zəif tərəflərimizi müəyyənləşdirməli, layiq olduğumuz xalları almalıyıq.

- Futbolda hər şey ola bilər. Uduzmağa mental olaraq hazırsınızmı?

- Biz əsas nəticəyə köklənməli, emosiyaları kənara qoymalıyıq. Əgər hər hansı xoşagəlməz bir nəticə olarsa, səhvlərimiz üzərində işləməliyik.

- Bilirsiniz ki, Niderlanddan bura gəlmək heç də ucuz deyil. Bakıda "Ayaks"a böyük azarkeş dəstəyi olacaq?

- Bəli. Bizim ölkəmizdən bura çoxsaylı tərəfdarlar gəlib. Biz çalışacağıq ki, onların jestinin qarşısında müsbət cavab verək.

- Ölkə liqasında çox əhəmiyyətli oyunlar var. "Qarabağ"la görüş növbəti matçlarda sizə stimul ola bilərmi?

- Hazırda biz o qədər uzağa fokuslanmırıq. Bilirik ki, sabahkı oyun digər oyunlarımız üçün də böyük əhəmiyyət kəsb edir. Bilirik ki, "Qarabağ" da güclü oyunçular var. Biz psixoloji olaraq hər şeyə hazırıq. Bilirik ki, çətin oyun olacaq.

- "Qarabağ"ın da güclü azarkeş ordusu var. Sizcə, bu nəticəyə necə təsir edə bilər?

- Təbii ki, bu çox ciddi amildir. Biz bunları nəzərə almışıq. Hər hansı oyuna təsir göstərən müxtəlif faktorlar var. Çalışacağıq ki, bu amilin də öhdəsindən gələk.

- Bakı ilə bağlı ilkin təəssüratlarınız necədir?

- Təbii ki, şəhər və ölkə haqqında fikirlərimiz olduqca müsbətdir. Burada insanlar çox mehribandır.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu sabah keçiriləcək.

Milli.Az