COP29-a qədər Azərbaycanda “yaşıl” binaların tikintisi üzrə yol xəritəsi təqdim ediləcək

23 Oktyabr 2024 17:41

COP29-a qədər Azərbaycanda "yaşıl" binaların tikintisi üzrə yol xəritəsi təqdim ediləcək.

Milli.Az Trend-ə xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının dayanıqlı maliyyə üzrə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Yaxın gələcəkdə IFC Azərbaycanda "yaşıl" binaların tikintisi üçün yeni tənzimləyici və dəstəkləyici mexanizmin yaradılmasını planlaşdırır. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə imzalanmış memorandumun nəticəsi olaraq həyata keçiriləcək və onun əsasında Azərbaycanda "yaşıl" binaların tikintisi üçün yol xəritəsi hazırlanıb təqdim olunacaq. Yol xəritəsinin COP29-a qədər təqdim olunması gözlənilir", - o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az