Türkiyədə qurulan İran şirkətlərinin sayı azaldı

22 Oktyabr 2024 15:28

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə İran kapitalı ilə 264 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 310 şirkət azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 277 milyon 20 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 572 milyon 410 min türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (240) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 256 milyon 120 min türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə İran kapitalı ilə 114 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Milli.Az