Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?

22 Oktyabr 2024 13:03

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb.

Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, agentliyə və agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.

"Qeyd edirik ki, şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadlarların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır.

Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik", - deyə əlavə edilib.

Milli.Az