DYP-dən hava şəraiti ilə bağlı müraciət

22 Oktyabr 2024 12:27

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə, DYP əməkdaşları gecə saatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPX Alayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təmin olunmaqla fasiləsiz xidmət aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.

Milli.Az