Son bir ayda neçə min şəxs qrip əleyhinə vaksinasiya olunub?

22 Oktyabr 2024 09:44

Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq başladılan profilaktik və əksepidemik tədbirlər davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, bu ilin sentyabrından başlayaraq və oktyabr ayının 10-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 854 nəfərin vaksinasiyası aparılıb. Vaksinasiya "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və sözügedən müddət ərzində 0-17 yaş aralığı üzrə 2 486, 18 və daha yuxarı yaş qrupları üzrə isə vətəndaşların 14 368-i qrip əleyhinə vaksinasiya olunub.

"Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur.

Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Xatırladaq ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir", - məlumatda vurğulanıb.

Milli.Az