BMT-nin tədbirində Fransanın cinayətləri pisləndi - FOTO

21 Oktyabr 2024 17:29

Sessiya çərçivəsində bir sıra ölkələrin, habelə Fransanın Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar ölkə hesabatı dinləniləcək.

Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.

Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib. Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=2737&Lang=en.

Fransanın milli hesabatından bir gün öncə, oktyabrın 21-də İnsan Hüquqları Komitəsində maraqlı tərəflər üçün iclas keçirilib. İclasda Bakı Təşəbbüs Qrupu və təşkilatın xətti ilə Yeni Kaledoniya və Fransız Polineziyasının nümayəndə heyəti iştirak edib. BTQ-nin icraçı direktoru Abbas Abbasov komitədə bəyanat səsləndirib.

Bəyanatda A.Abbasov Yeni Kaledoniyada Fransa tərəfindən keçirilmiş qeyri-qanuni referendumu qınamış, Fransanın burada zorla seçki məcəlləsinə konstitusional dəyişiklik etmək istəyini pisləmişdir. Kanak xalqının etirazına səbəb olmuş Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada 10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın insanın yaralandığını vurğulamışdır. 

Bundan əlavə, A.Abbasov Fransanın Polineziyada keçirtdiyi nüvə sınaqlarına görə yerli xalqın sağlamlığına ciddi ziyan dəydiyini diqqətə çatdırmışdır. Fransız Polineziyası xalqının müstəqillik arzusunda olduğu,  Fransanın buna müqavimətinin BMT-nin 67/265 nömrəli qətnaməsinin icrasına maneçilik törətdiyi bildirilmişdir.

A.Abbasov Fransanın əsarəti altında olan digər ərazilərdəki tarixi ədalətsizlik, iqtisadi çətinliklər və suverenliyin çatışmazlığı barədə də söhbət açmışdır.

O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri və hazırda Troyka üzvü kimi kolonializmə qarşı mübarizə sahəsində beynəlxalq platformalarda apardığı iş haqqında ətraflı məlumat vermişdir.

A.Abbasov Yeni Kaledoniyada BMT-nin nəzarət altında yeni referendumun keçirilməsinə, Fransanın bu ölkədən hərbi qüvvələrini çıxartmağa və BMT-nin Xüsusi Dekolonizasiya Komitəsi tərəfindən buradakı vəziyyəti qiymətləndirməyə çağırış etmişdir.

Eyni zamanda, o, nüvə sınaqlarına görə Fransız Polineziyasına Fransa tərəfindən kompensasiyanın ödənilməsi tələb etmiş, Yeni Kaledoniya və Fransız Polineziyası xalqlarının öz müqəddaratını təyin etmə hüququnu tanımağa çağırış etmişdir. BMT-nin bu prosesə nəzarət etməsinin labüdlüyünü vurğulamışdır.

Milli.Az